Gənc ifaçı vətəndən uzaqda ölkəmizi layiqincə təmsil edir
Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, İspaniyanın Kraliça Sofiya adına Ali Musiqi Məktəbində təhsil alan violin ifaçısı Kamran Ömərli vətəndən uzaqda ölkəmizi layiqincə təmsil edir. Müxtəlif konsert və yarışmalara qatılan ifaçı son illərdə qazandığı nailiyyətlərlə bizi də tanış etdi.
Kamran Ömərli 2015-ci ildən İspaniyanın Santander şəhərində keçirilən festivalda iştirak edir. Ənənəvi festival çərçivəsində konsertlər, ustad dərsləri, təqdimatlar keçirilir. Budəfəki festivalda Kamran müəllimi, professor Zaxar Bronla duet konsert proqramı təqdim edib. Kamera orkestrinin müşayiəti ilə baş tutan konsert çox uğurla keçib. Bundan əlavə, festival boyunca o, solo proqramlarla da çıxış edib və “Paqanini kaprizləri”ndən 4-cü konsert layihəsində İspaniyanın Kantabriya əyalətində solo konsertdə tamaşaçıların rəğbətini qazanıb.
Bu gün İspaniyanın məşhur klassik musiqi kanalında Kamranın ifaları səslənir. Bu da, təbii ki, ölkəmizin musiqi mədəniyyətinin təbliği baxımından olduqca mühümdür. Müsahibimiz qeyd edir ki, Kraliça Sofiya adına Ali Musiqi Məktəbinin ənənəsinə uyğun olaraq hər tədris ilində bütün kafedralardan ən yaxşı tələbə seçilir. Həmin tələbə isə ilin sonunda Kral sarayında təşkil edilən möhtəşəm bağlanış mərasimində şəxsən kraliça ilə görüşərək onun mükafatına layiq görülür: “Artıq 2014-cü ildə bu diploma layiq görülmüşdüm. Lakin mən professor Zaxar Bronun kafedrasının ən yaxşı tələbəsi kimi növbəti dəfə seçilərək Kral Teatrında keçirilən mərasimə qatıldım və Kraliçanın əlindən növbəti diplomu aldım. Bu təkcə mənim deyil, Azərbaycan musiqisinin uğuru, bir azərbaycanlı olaraq isə özüm üçün çox qürurverici haldır. Çünki İspaniyada belə mötəbər bir titulu qazanmaq çox çətindir. Burada istedaddan əlavə, hər bir fəndən bütün professorların rəyləri də nəzərə alınır və tələbə məhz müsbət rəylərdən sonra bu ada layiq görülür”.
Ötən il orkestrlərlə bir neçə konsertlə çıxış edən ifaçı bu konsertləri yaradıcılığı üçün təcrübə kimi dəyərləndirir. O, konsertlərdə səhnəyə həm ifaçı, həm də konsertmeyster kimi çıxaraq özünü sınayıb. Konsertlərin Madridin “Milli auditoriya” zalında, Kral Teatrında baş tutduğunu nəzərə alsaq, nə qədər məsuliyyətli olduğunu düşünmək olar.
Bu ilin əvvəlində müəllimi Zaxar Bronun 70 illiyi ilə əlaqədar keçirilən müsabiqə turunda iştirak edən ifaçı İsveçrənin Baden, Almaniyanın Berlin, Düsseldorf və Parisin Notr-Dam kilsəsində də unudulmaz konsertlər verib. Bu konsertlərdə o, Vadim Repin, Maksim Vengerov kimi məşhur sənətçilərlə eyni səhnəni bölüşüb.
İfaçının son uğurlarından biri də bu il martın 23-də İspaniyanın Arnuero şəhərində keçirilən “Ecoparque de Transmiera” kamera musiqisi yarışmasında “Fundacion Mahou San Miguel” triosu ilə birincilik qazanması olub. V.Motsart, R.Şuman və D.Şostakoviçin əsərlərini ifa edən Kamran yarışmanın ən yaxşı skripkaçısı adına layiq görülüb. Bu uğurdan sonra o, İspaniyanın Santillana del Mar şəhərində konsertə dəvət alıb. Gənc ifaçının bu yarışmada layiq görüldüyü diplom İspaniya Kraliçası tərəfindən mükafatlandırıldığı üçüncü diplomdur. Sevindirici haldır ki, bu diplomlar ifaçılığın fərqli kateqoriyalarında qazanılıb.
Musiqiçi qarşıda hələ çox planları olduğunu deyir: “Bu il bakalavr diplomunu alıram və gələn il magistr təhsilimi davam etdirəcəyəm. İspaniyada təhsil almağımda Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin böyük dəstəyi olub. Bu yolda mənə dəstək göstərən hər kəsə təşəkkür edirəm”.
Lalə AZƏRİ