“Vətən nəğməsi” – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Milli Konservatoriyanın 15 İyun – Milli Qurtuluş Gününə həsr etdiyi yeni müştərək layihə belə adlanır.
Çəkilişləri iyunun 11-də Milli Konservatoriya ərazisində aparılan layihədə AzTV-nin Niyazi adına Simfonik orkestri və Cahangir Cahangirov adına xoru, Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdindəki Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, tanınmış incəsənət xadimləri, Milli Konservatoriyanın müəllim heyəti, orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Musiqisi Tofiq Quliyevin, sözləri Vaqif Nəsibin olan “Vətən nəğməsi”ni Əməkdar artist Ramil Qasımov səsləndirib. Layihənin musiqi rəhbəri Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimidir.