1993-cü ilin 15 iyunu Azərbaycanın yeni tarixini ikiyə böldü. Arxada ümidsizlik, müstəqilliyin qaranlıq perspektivi, irəlidə sabitlik, ümid və dövlətçiliyin xilası vardı...

“Bu gün biz XXI əsrin enerji tarixini yazırıq. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. Biz bundan əvvəl – 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə dayanır”.

Prezident İlham Əliyevin iyunun 12-də Türkiyədə Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimində dediyi sözlər bugünkü Azərbaycanın regionda və dünyadakı yerini, mövqe və nüfuzunu bir daha təsdiq edir.

Cənubi Qafqazın iqtisadi potensialının dörddə üçünə malik, regionu əhatə edən transmilli meqalayihələrdə əsas söz sahibi, postsovet məkanında tam müstəqil siyasət yeridən, Avropanın enerji təchizatında önəmli rol oynayan, nəhayət, dünya miqyasında götürsək, qlobal təhlükəsizliyə töhfə verən, İraqdan Əfqanıstanadək sülhyaratma əməliyyatlarında iştirak edən, BMT-nin Təhlükəsizlik Şurasında yer almış bir ölkə. Budur Azərbaycanın dünyada yeri və imkanları.

Amma əsrin bir çərəyi öncə bu imkanların heç biri yox idi. Bunlar bir yana qalsın, Azərbaycanın özünün dövlət olaraq mövcudluğu, gələcəyi sual altında idi. Respublika müstəqilliyinin ikinci yayında sələfi Cümhuriyyətin acı taleyini yaşamaq təhlükəsi ilə üz-üzə qalmışdı.

1993-cü ilin iyununda ölkə Ermənistanın işğalçılığının davam etdiyi, şəhər və kəndlərinin viran qoyulduğu bir zamanda vətəndaş müharibəsinin də eşiyinə gəlmişdi. Öncə müstəqilliyi, dövlətçiliyi xilas etmək lazım idi, əks halda gənc respublika kənar təhdidlərlə parçalanacaqdı. İndi bu fikir kiməsə qeyri-ciddi görünə bilər. Amma son bir neçə ildə bizim kimi bir postsovet ölkəsi olan Ukraynada baş verənlərə, nataraz, meydan havası üzərində qurulan siyasətin fəsadlarına baxsaq, nəticə hasil olar. 25 il öncənin Azərbaycanı bundan qat-qat ağır vəziyyətdə idi. Üstəlik, indi Ukraynaya qismən dəstək verən Qərb də o vaxt bizdən çox uzaqda idi.

1993-cü ilin 15 iyunu belə bir mürəkkəb, ağır, xalq və cəmiyyət olaraq ümidsizliyə qapıldığımız bir zamanda müstəqillik tariximizə yazıldı... 

* * *

“Azərbaycanın bugünkü ağır, mürəkkəb vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan bundan sonra müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin əsarəti altına düşməyəcəkdir”.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin 15 iyununda fəlakətlə üzbəüz qalan dövlətin sükanı arxasına bu sözlərlə keçdi. Qarşıda Azərbaycanın həm istiqlalı, həm də istiqbalı üçün tarixin imtahanı vardı: sabitliyi yaratmaq, müstəqilliyi möhkəmlətmək, milli maraqlara tən gələn uzlaşdırıcı xarici siyasət qurmaq, ölkəni inkişaf relsinə çıxarmaq. Heydər Əliyevin bu çətin yola başlayarkən dediyi sözlər tarix üçün həqiqət anı idi. Sonrakı mərhələdə Azərbaycanın qət etdiyi yolun mahiyyətini dərk etmək üçün həmin anın tezislərini diqqətlə oxumaq lazımdır.

Birinci tezis: Ermənistanın kənar havadarların köməyi ilə ölkəmizə qarşı apardığı işğalçılığı dayandırmaq üçün region ətrafındakı güclərlə balanslaşdırılmış münasibətlər qurmaq.

İkinci tezis: Qardaş Türkiyə ilə münasibətlər inkişaf etdirilməklə yanaşı, digər türkdilli ölkələrlə sıx əlaqələr qurulmalı, ümumtürk həmrəyliyi şüardan real əməkdaşlığa keçməlidir.

Üçüncü tezis: Azərbaycan postsovet məkanındakı respublikalarla əlaqələri, geniş iqtisadi bağları olmuş münasibətləri inkişaf etdirilməlidir.

Dördüncü tezis: Azərbaycan dünyəvi, demokratik inkişaf yolunu seçib. Bu, strateji xətdir. Eyni zamanda müsəlman dünyası ilə tarixi-mədəni köklərə söykənən münasibətlər inkişaf etdirilməlidir. Şərqlə Qərb arasında körpü olmaq Azərbaycanın tarixi missiyasıdır.

Beləliklə, müdrik dövlət xadimi Milli Məclisdə 15 iyun tarixli çıxışında ölkənin beynəlxalq münasibətlərinin başlıca istiqamətlərini bəyan etmişdi. Bu, realist və milli maraqları təmin edən siyasət idi. Azərbaycanın regional və beynəlxalq münasibətləri balanslaşdırılmış müstəvidə yenidən qurulmağa başlandı. 

* * *

1993-cü ildən sonrakı 10 ilə qısaca nəzər salsaq, bu illərin həqiqətən də Azərbaycan üçün tarixin imtahanı, istiqlal və istiqbalımızın sınaq illəri olduğunu, ən əsası isə, xalqımızın və dövlətimizin bu sınaqdan uğurla çıxdığını yəqin edə bilərik.

1994 – Mayın 12-də Ermənistan-Azərbaycan cəbhəsində ağır və üzücü müharibə dayandırıldı. Azərbaycan dövləti zəruri nəfəs dərmək, qüvvəsini toparlamaq və dövlətin sütunlarını möhkəmləndirmək imkanı qazandı. Atəşkəsin ilk müsbət nəticəsi özünü çox gözlətmədi. Sentyabrın 20-də Azərbaycanda təkcə neft sahəsinin deyil, bütövlükdə iqtisadi dirçəlişin təməlini qoyan ilk meqalayihə - “Əsrin müqaviləsi” imzalandı. Heydər Əliyevin tarixi uzaqgörənliyinin və cəsarətinin nəticəsi olan sazişlə Azərbaycanın milli neft strategiyasının təməli qoyuldu. Bu isə çoxlarının ürəyincə deyildi. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”ndən dərhal sonra Azərbaycanda növbəti dövlət çevrilişinə (3-4 oktyabr) cəhd edildi. Lakin qiyamın təşkilatçı, icraçı və havadarları bu dəfə yanılmışdılar. Çünki artıq Azərbaycan dövlətinin sükanı arxasında mahir rəhbər – Heydər Əliyev dayanmışdı.

1995 – Bu ili müstəqil Azərbaycan dövlətinin tarixinə sözün gerçək mənasında dövlət quruculuğu və fundamental islahatların başlanğıcı kimi səciyyələndirmək olar. Amma bu proses heç də rəvan olmadı. Həmin ilin martında Azərbaycan dövlətçiliyi yenidən sınağa çəkildi. Heydər Əliyev 1995-ci il mart qiyamının qarşısını almaqla bütövlükdə Azərbaycanda hərbi çevriliş, zor gücünə hakimiyyətə gəlmək xülyasına birdəfəlik son qoydu. Ölkə hüquqi dövlətçilik, konstitusion və demokratik inkişaf yoluna çıxdı. Həmin il noyabrın 12-də müstəqil Azərbaycanın yeni Konstitusiyası ümumxalq səsverməsi ilə qəbul edildi, Milli Məclisə ilk seçkilər keçirildi. Ölkədə maliyyə-iqtisadi sabitliyi yarandı, inflyasiya prosesi tamamilə tənzimləndi.

1996 – Azərbaycanda dövlət quruculuğu və iqtisadi islahatlar prosesi dönməz xarakter aldı. İyunda Azərbaycanın əhəmiyyətinə görə ikinci böyük enerji layihəsi – “Şahdəniz” müqaviləsi imzalandı. 90-cı illərin əvvəlindən başlanan iqtisadi geriləmə və təsərrüfat sahələrindəki tənəzzülün qarşısı alındı, ilk müsbət iqtisadi göstəricilər qeydə alınmağa başlandı. Dekabrda ATƏT-in Lissabon (Portuqaliya) sammitində münaqişənin sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini ehtiva edən qərarın qəbul edilməsi ümumilikdə Qarabağ nizamlanmasının beynəlxalq-hüquqi prinsiplərini müəyyənləşdirmiş oldu. Ötən illər ərzində Azərbaycan tərəfi tənzimləmə prosesinin bu prinsiplərdən kənara çıxmasına imkan verməyib.

1997 – Azərbaycanda genişmiqyaslı iqtisadi inkişaf başlandı - özəlləşdirmə və aqrar islahatlara start verildi. Kəndli torpağın sahibinə çevrildi, illərlə qapısı bağlı olan sənaye müəssisələrinə sərmayə işığı yandırıldı. Ölkənin dünya iqtisadi sisteminə inteqrasiyası başlandı. Oktyabr ayında “Əsrin müqaviləsi” çərçivəsində ilk neft çıxarıldı, bir ay sonra isə Azərbaycan neftini dünya bazarına daşıyan “Şimal kəməri” (Bakı-Novorossiysk) işə düşdü. Prezident Heydər Əliyev Azərbaycanın neft strategiyasının başlıca konturunu – Bakı-Tbilisi-Ceyhan kəmərinin tikiləcəyini rəsmən bəyan etdi.

1998 – Aprel ayında “Qərb kəməri” (Bakı-Supsa) işə düşdü. Azərbaycanın xarici şirkətlərlə imzaladığı neft müqavilələrinin sayı 20-yə çatdı. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması, dövlətin siyasi-hüquq sisteminin Avropa standartlarına uyğunlaşdırılması yönündə mühüm addımlar atıldı. Prezident Heydər Əliyev mətbuatın inkişafı ilə bağlı tarixi qərar qəbul etdi – senzura ləğv edildi. Oktyabrda növbəti prezident seçkiləri keçirildi, ölkə əhalisinin böyük əksəriyyəti Heydər Əliyev siyasətinə, sabit və rifahlı dövlətçilik kursuna dəstək verdi.

1999 – Heydər Əliyevin uzaq perspektivə hesablanmış uğurlu xarici siyasəti sayəsində ölkəmiz Şərq-Qərb münasibətlərinin təmas nöqtəsinə, “Böyük İpək Yolu”nun dirçəliş mərkəzinə çevrildi. Noyabrda Xəzər-Cənubi Qafqaz-Aralıq dənizi məkanında ən iri geoiqtisadi layihənin – Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi barədə böyük saziş imzalandı. Dekabrda Azərbaycanda tarixində ilk bələdiyyə seçkiləri keçirildi, ölkədə dünya təcrübəsinə əsaslanan yerli özünüidarə sisteminin təməli qoyuldu.

2000 – Azərbaycan Prezidentinin apardığı məqsədyönlü xarici siyasət bəhrəsini verdi. İyun ayında Azərbaycan Avropa Şurasına rəsmi dəvət aldı. Ölkədə həm siyasi-hüquqi, həm də sosial-iqtisadi sahədə islahatların yeni mərhələsi başlandı. Qeyri-neft sektorunda böyük canlanma yarandı, xarici sərmayələrin iştirakı ilə böyük müəssisələr işə düşdü. Noyabrda ikinci çağırış Milli Məclisə seçkilər keçirildi.

2001 – Yanvarın 25-də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Avropa Şurasında təmsilçilik Azərbaycanın beynəlxalq-diplomatik fəaliyyət imkanlarını genişləndirdi, ölkəmiz beynəlxalq miqyasda Qarabağ münaqişəsinə obyektiv münasibəti təmin etmək, Ermənistanın işğalçılıq siyasətini ifşa etmək üçün yeni müstəvi əldə etdi. Sosial-iqtisadi sahədə inkişaf göstəriciləri daha da artdı, bu inkişafın gələcək təminatı olacaq Dövlət Neft Fondu fəaliyyətə başladı. Neft Fondunun ilk vəsaitləri hesabına məcburi köçkünlərin həyat şəraiti qismən yaxşılaşdırıldı.

2002 – Azərbaycan ABŞ və Rusiya kimi iki dünya nəhənginin tammənalı strateji tərəfdaşına çevrildi. Prezident Heydər Əliyevin Rusiyaya səfərləri zamanı iki ölkə arasında mühüm razılaşmalar - Qəbələ RLS-in statusu, Xəzərin dibinin bölünməsinə dair sazişlər imzalandı. Dövlət başçısının may ayında İrana əhəmiyyətli səfəri cənub qonşumuzla münasibətləri daha da rəvanlaşdırdı. Milli neft strategiyasının növbəti uğurunu yaşadıq – sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli təməlatma mərasimi keçirildi. Heydər Əliyev xəyalları gerçək etməyi bacaran lider olduğunu nümayiş etdirdi.

2003 – Heydər Əliyev prezidentliyinin 10-cu ilində Azərbaycan dövlətçiliyini rəvan və perspektivi aydın görünən inkişaf magistralına çıxardı. Ölkənin gələcək idarəçiliyini siyasi varisinə - özü qədər inandığı gənc liderə təhvil verdi. Xalq böyük öndərin tarixi seçiminə dəstək verdi və Azərbaycan Heydər Əliyev siyasəti ilə yoluna davam etməyə başladı... 

* * *

Üzərindən əsrin çərəyi keçsə də, 15 iyun Azərbaycanın yeni tarixində haqqında ən çox müzakirə gedən bir gündür. 1993-cü ilin 15 iyunu Azərbaycanın yeni tarixini bütün mənalarda ikiyə böldü. Arxada dərəbəyilik “hakimiyyəti” və müstəqilliyin qaranlıq perspektivi, irəlidə sabitlik, ümid və milli dövlətçiliyin xilası vardı. Həmin gün Azərbaycanın siyasi həyatında, bütövlükdə isə ölkəmizin müstəqillik və dövlətçilik tarixində yeni mərhələ açıldı.

Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıtması, hər şeydən öncə, tarixi zərurət və zamanın tələbi idi. 1993-cü ildə Azərbaycan dövlətini iflas və parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev 10 il sonra bizə möhkəm özüllü, sabit inkişaf relsinə çıxmış, perspektivləri aydın bir dövlət qoyub dünyadan köçdü. Hər zaman rəhmətlə anırıq...

Vüqar ORXAN