Azərbaycan bəstəkarlıq məktəbi öz görkəmli simaları ilə dünya musiqisi tarixində mühüm yerlərdən birini tutur. Çünki bu məktəbin nümayəndələri öz yaradıcılıqlarında dünya musiqisi üçün səciyyəvi olan ənənələri əks etdirməyi bacarıblar. Bu mənada dahi Üzeyir Hacıbəylidən başlayan bəstəkarlıq məktəbimizin inkişafında Qara Qarayevin məxsusi dəst-xətti var.

Bu il 100 illiyini qeyd etdiyimiz bəstəkar musiqi xəzinəmizə dəyərli incilər bəxş etməklə bərabər, həm də misilsiz müəllim idi. Özündən sonra yalnız əsərləri deyil, tələbələri də Azərbaycan musiqisini dünyaya tanıtdılar, şöhrət qazandılar. Bu xüsusda Firəngiz Əlizadə, Arif Məlikov, Fərəc Qarayev, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Tofiq Bakıxanov və Qara Qarayev sinfinin məzunları olmuş daha neçə-neçə sənətkarın adını çəkə bilərik. Bu günlərdə Bəstəkarlar İttifaqında keçirilən tədbir də belə adlanırdı: “Qara Qarayev sinfinin məzunları”. Tədbirdə Qara Qarayev görkəmli pedaqoq və müəllim kimi yad olundu.

Qeyd edək ki, bu tədbirin təşəbbüskarı Xalq artisti, professor Tofiq Bakıxanovdur. Tədbirdə onun təşəbbüsü ilə hazırlanmış Qara Qarayevin tələbələrinin fotolarından ibarət bir dərgi də təqdim olundu. Belə bir təşəbbüsün ortaya çıxması barədə Tofiq müəllimin dediklərindən: “Mən çox düşündüm ki, müəllimimizin bu 100 illik  yubileyi üçün nə edim. Nəhayət, onun tələbələrini fotolar vasitəsilə sanki bir yerə yığmaq istədim. Onu da deyim ki, Qara müəllimin tələbələri yalnız Azərbaycanda deyil, müxtəlif ölkələrdə də fəaliyyət göstərirlər. Onun sinfində Özbəkistan, Tacikistan və başqa yerlərdən gələn tələbələr vardı. Düzdür, Qarayev sinfinin məzunlarının bir çoxu dünyasını dəyişib. Onların da ruhu şad olsun.  O ki qaldı bizlərə, biz öz müəllimimizin ruhu qarşısında həmişə səcdə edir və onun irsinin yaşaması və gələcək nəsillərə layiqincə çatdırılması üçün daim ömrümüz yetdikcə çalışacağıq”.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə, Xalq artisti Azər Dadaşov, əməkdar incəsənət xadimləri Elnarə Dadaşova, Nərgiz Şəfiyeva, Cəlal Abbasov və Faiq Nağıyev çıxış edərək Qara Qarayev dərslərindən və onunla  bağlı xatirələrdən söz açdılar. Bu xatirələri  Qarayevin musiqisi müşayiət edirdi.

Təqdim olunan dərgidə Qarayev sinfinin məzunlarından 44 bəstəkarın adı və fotosu yer alıb. Onlardan bir neçəsinin adını çəkək: Rauf Hacıyev, Valeri Svekolnikov, Xəyyam Mirzəzadə, Musa Mirzəyev, Boris Yermolayev, Əziz Əzizov, Oqtay Zülfüqarov, Rəcəb Allahyarov, Nihad Osmanov, Sevda İbrahimova, Rüstəm Rüstəmzadə, Çingiz Almaszadə və s.

Amma təbii ki, bu, Qarayev sinfinin bütün məzunları deyil. Çünki onun tələbələri çoxdur. Yəqin ki, yeni dərgilərdə onların da adları yer alacaq. Qara Qarayev irsi zəngin bir xəzinədir. Bu xəzinədən nəsillər nə qədər bəhrələnsə də, o, bitib-tükənməyəcək. Bu xəzinə getdikcə yeni tədqiqatlar və düşüncələrlə daha da zənginləşəcək. Çünki bu xəzinəni böyük bəstəkar və müəllim möhkəm özüllər əsasında yaradıb.

Səadət TƏHMİRAZQIZI
Əməkdar mədəniyyət işçisi