Leyla Vəkilova haqqında sənədli film təqdim olunacaq
İyunun 20-də “YARAT” Müasir İncəsənət Mərkəzində Azərbaycanın məşhur balet ustası, SSRİ Xalq artisti Leyla Vəkilovanın (1927-1999) xatirəsinə həsr olunmuş “Qanadlı xatirələr” sənədli filmi təqdim olunacaq.
Ekran əsərinin rejissoru Babək Abbaszadə, layihənin ideya müəllifi Leyla Vəkilovanın tələbəsi olmuş rəqqas, xoreoqraf, Əməkdar artist Samir Səmədovdur.
L.Vəkilova Bakı Xoreoqrafiya Məktəbində (indiki Xoreoqrafiya Akademiyası) əvvəlcə Tatyana Amiraqo və Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirdikdən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist qəbul edilib. O, həmçinin ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində dərs deyib, 1992-ci ildən bu təhsil ocağının bədii rəhbəri olub.