Ukraynanın paytaxtı Kiyevdə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin (1942-2008) xatirəsi anılıb.
Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə Müslüm Maqomayevin xatirəsinə həsr edilən musiqili gecə Kiyevin ən məşhur mədəniyyət ocağında – Ukrayna Milli Akademik Opera Teatrında keçirilib.
Xarici ölkələrin Ukraynadakı diplomatik korpus rəhbərləri, ictimai xadimlər, mədəniyyət xadimlərinin qatıldığı musiqili gecədə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Müslüm Maqomayev parlaq yaradıcılığı ilə Ukraynada milyonlarla tamaşaçı qəlbini fəth edib. Bildirib ki, musiqiçinin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir.
Ukrayna Milli Akademik Opera Teatrının direktorunun müavini Oksana Koqut bildirib ki, M.Maqomayevi bütün dünyada tanıyır və sevirdilər. Çox zəhmətsevər, qayğıkeş, təvazökar insan olan M.Maqomayev neçə-neçə istedadlı musiqiçinin böyük səhnəyə yolunu açıb.
Sonra Ukraynanın tanınmış incəsənət xadimləri səhnəyə çıxıblar və M.Maqomayevin repertuarından mahnılar ifa ediblər.