Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təşəbbüsü və dəstəyi ilə bu ölkənin əsas mədəniyyət mərkəzi və böyük şəhəri olan Laqosda Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən “İpək yolu” adlı Azərbaycan gecəsi keçirilib.
Tədbir Nigeriyada musiqimizin ilk dəfə geniş kütləyə təqdimi ilə yadda qalıb.
Muson Musiqi Mərkəzində keçirilən mərasimdə bu ölkədə fəaliyyət göstərən 30-dan çox konsulluq və səfirliyin rəsmiləri iştirak ediblər.
Konsertdə Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadənin, Fransada fəaliyyət göstərən pianoçu Səidə Zülfüqarovanın, tenor Josef Oparamanukinin və alban əsilli İsveçrə vətəndaşı, soprano Teuta Nikolet-dit Feliksin ifası hamının zövqünü oxşayıb. Sahib Paşazadə və Səidə Zülfüqarova Azərbaycan bəstəkarlarının əsərləri və muğam parçalarından ibarət musiqi nömrələri təqdim ediblər. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Həsən Rzayev, Vasif Adıgözəlov və Fərhad Bədəlbəylinin əsərləri, “Çahargah” və “Segah” muğamlarından parçalar alqışlarla qarşılanıb.
Sahib Paşazadə səfər təəssüratlarını bölüşərkən tədbirin uzaq Nigeriyada mədəni irsimizin təbliği baxımından faydalı olduğunu deyib: “Azərbaycan musiqisi öz əsrarəngizliyi ilə Nigeriya dinləyicilərini heyran etdi. Növbəti gün bu ölkənin rəsmiləri üçün ikinci konsert proqramı ilə çıxış etməyə dəvət olunduq. Tamaşaçılar musiqimizi böyük maraqla dinlədilər”.
Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş fotosərgi də nümayiş etdirilib.