Paytaxtımız bu ay ikinci dəfə beynəlxalq miqyaslı sənət yarışına ev sahibliyi etməyə hazırlaşır. İyunun 25-də Heydər Əliyev Sarayında Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsinin təntənəli açılış mərasimi keçiriləcək. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən müsabiqə üç gün davam edəcək.

Bakı Xoreoqrafiya Akademiyasından (BXA) aldığımız məlumatda bildirilir ki, açılış mərasimində rəsmi hissədən sonra nəzərdə tutulmuş proqramda Qara Qarayevin əsəri əsasında Əməkdar müəllim Pullumb Aqalılayın quruluşunda “Həyatın ritmi” xoreoqrafik kompozisiyası, BXA-nın bakalavr və kollec pilləsi tələbələrinin ifasında yeni modern rəqs kompozisiyası, Nazim Əliverdibəyovun musiqisi əsasında balet artistləri Elmira Süleymanova və Əməkdar artist Samir Səmədovun ifasında “Muğam” xoreoqrafik kompozisiyası nümayiş etdiriləcək.

Müsabiqənin beynəlxalq münsiflər heyətin sədri SSRİ  Xalq artisti, “Rus baleti” Moskva Dövlət Vilayət Teatrının yaradıcısı və bədii rəhbəri, Dövlət Teatr Sənəti İnstitutunun (DTSİ) Baletmeyster fakültəsinin bədii rəhbəri, professor Vyaçeslav Qordeyevdir. Azərbaycan klassik balet və milli rəqs sənəti münsiflər heyətində üç xalq artisti ilə təmsil olunur: görkəmli balerina, xoreoqraf və baletmeyster Rəfiqə Axundova, xalq və dünya rəqslərinin bilicisi, xoreoqraf və baletmeyster Roza Cəlilova, tanınmış rəqqasə, xoreoqraf və baletmeyster Afaq Məlikova.

Müsabiqə iştirakçılarının bacarığının qiymətləndirilməsində Ukraynanın Xalq artisti, Xarkov Dövlət Mədəniyyət Akademiyasının Xoreoqrafiya sənəti fakültəsinin dekanı, “Slobojan” Ukrayna Böyük Akademik Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və baş baletmeysteri Boris Kolnoquzenko kimi bilicinin rəyi də əsas tutulacaq.

Bolqarıstanın “Stara Zaqora” Opera Teatrının balet truppasının direktoru və bədii rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Bolqarıstan Balet Assosiasiyasının rəhbəri, xanım Silviya Tomova da Q.Almaszadə adına müsabiqənin münsiflərindən biridir.

Daha bir münsifi – Estoniyanın Əməkdar artisti, UNESCO Beynəlxalq Rəqs Şurasının üzvü, “Marius Petipa irsi” Beynəlxalq Fondunun təsisçisi və prezidenti, professor Vasili Medvedyevi (Rusiya) ölkəmizdəki klassik balet xiridarlarına xüsusi təqdim etməyə ehtiyac yoxdur. Onun iki quruluşu – “Yeddi gözəl” və “Qoyya” baletləri Azərbaycan Dövlət Akademik Opera və Balet  Teatrının repertuarındadır.

İsrail Dövlət Baletinin prima-balerinası və bədii rəhbəri, Beynəlxalq Xoreoqraflar İttifaqının üzvü, Rusiya balet məktəbinin yetirməsi Nina Gerşman üçün isə müsabiqə iştirakçılarının hiss və həyəcanlarını anlamaqdan ötrü bir qədər keçmişə nəzər salmaq gərək olmayacaq. Xanım Gerşman digər münsiflərdən fərqli olaraq, hələ də səhnədədir.

Rusiya balet sənətinin daha bir təmsilçisi münsiflər heyətinin üzvüdür. Bakı Xoreoqrafiya Məktəbinin yetirməsi, Azərbaycanın və Rusiyanın Əməkdar artisti, DTSİ-nin Xoreoqrafiya kafedrasının professoru Vitali Axundov Azərbaycandakı orta və yaşlı nəsil sənətsevərlərin yaddaşında istedadlı balet artisti kimi qalsa da, 1989-cu ildən yaşadığı Rusiyada daha çox balet sənətinə dair praktik dərsliklərin müəllifi və gözəl pedaqoq kimi tanınır.

Beynəlxalq rəqs yarışmasına qatılan iştirakçıların sayı və coğrafiyası da 2016-cı ildə keçirilmiş birinci müsabiqəyə nisbətən xeyli artıb. ABŞ, Azərbaycan, Bolqarıstan, İspaniya, İsrail, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə, Ukrayna və Yaponiya kimi on ölkəni təmsil edən 16-26 yaşlı oğlanlar və qızlar “Klassik rəqs” (solo və duet), “Milli rəqs” (solo, duet və ansambl), “Müasir rəqs” (solo, duet və kollektiv) nominasiyaları üzrə bacarıqlarını sınayacaqlar.

İştirakçıların məharəti iki turda qiymətləndiriləcək. Tur çıxışları və yekun qala-konsert Opera və Balet Teatrında keçiriləcək. Müsabiqə qaliblərinin adlarını iyunun 27-də biləcəyik.

Beləcə, gələn həftə Bakı yeni balet və rəqs sənəti ulduzlarının parlayacağı məkana çevriləcək.

Gülcahan MİRMƏMMƏD