Strasburqda Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası və “Regional dillər və ya azsaylı xalqların dilləri üzrə Avropa Xartiyası”nın qüvvəyə minməsinin 20-ci ildönümü münasibətilə konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov iştirak edib. O, “Multilinqual cəmiyyətdə milli azlıqların dilləri və təhsili” adlı sessiyada “Azərbaycan Respublikasında azsaylı xalqların dilləri və təhsili” mövzusunda çıxış edib.
O, ölkəmizin 2000-ci il 16 iyun tarixli qanunla ratifikasiya etdiyi Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası ilə bağlı öhdəliklərin uğurla həyata keçirilməsi barədə məlumat verib. Azərbaycanın multikulturalizm siyasəti çərçivəsində ölkədə yaşayan azsaylı xalqların sosial, iqtisadi və mədəni məsələlərinin yüksək səviyyədə həll olunduğu diqqətə çatdırılıb, milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması istiqamətində dövlət tərəfindən görülmüş işlərdən bəhs edilib.
Bildirilib ki, Azərbaycanda milli azlıqların dillərində 377 ibtidai və ümumtəhsil məktəbi fəaliyyət göstərir, o cümlədən 18 ümumtəhsil məktəbində tədris sırf rus dilində aparılır, 326 ümumtəhsil məktəbinin rus bölməsi var. Bundan başqa, yəhudi, ləzgi, talış, avar, saxur, udi, kürd, xınalıq və digər azsaylı xalqların dillərində məktəblər fəaliyyət göstərir.
Prezident Administrasiyasının rəsmisi Azərbaycan hökumətinin milli azlıqlar üçün təhsil sahəsində apardığı siyasətin Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasının 14-cü maddəsinə, BMT-nin “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə”sinin 4-cü maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olduğunu diqqətə çatdırıb.