İyunun 19-da Beynəlxalq Muğam Mərkəzinin və AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Dastan gecələri” layihəsində “Küçə Rza” dastanı təqdim olunub.
Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli çıxış edərək layihənin əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, qədim aşıq sənətimiz müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox mədəni dəyərlərini özündə cəmləşdirib. Alim aşıq Ağamurad Şirvanlının yaradıcılığı, eləcə də Şirvan bölgəsində populyar olan “Küçə Rza” dastanı haqqında məlumat verib.
Sonra Əməkdar mədəniyyət işçisi, aşıq Ağamurad Şirvanlının ifasında “Küçə Rza” dastanı tamaşaçılara təqdim olunub. Aşığı balabanda Əbilxan Şirvanlı, nağarada Hünər Şahalıyev, qoşanağarada Zəfər Şahalıyev, qarmonda Nurşirəvan Şahalıyev müşayiət ediblər.
Qeyd edək ki, “Dastan gecələri” layihəsi çərçivəsində aprelin 18-də “Alı xan – Pəri xanım” dastanı təqdim olunub. İlin sonunadək “Abbas və Gülgəz” (28 sentyabr), “Aşıq Alının Türkiyə səfəri” (31 oktyabr), “Məhəmməd – Səlbi xanım” (27 noyabr), “Əmrah – Səlbi” (25 dekabr) dastanlarının tamaşaçılara təqdim olunması nəzərdə tutulub.
LALƏ