Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin inkişafı, təbliği, mədəni abidələrin qorunmasına dair mühüm layihələrin müəllifidir. Layihəmizə göstərilən diqqətə görə Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm.
Bu fikri Parisdə “Radio France” radiostansiyasının əsas binasında Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin yarımfinalına dair mətbuat konfransında konkursun təsisçisi Marina Bouer bildirib.
Qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən müsabiqəyə təqdim olunan Fuad İbrahimovun namizədlik dosyesi yüksək qiymətləndirilib və o, yarımfinala yüksəlib: “Ümid edirik, bu azərbaycanlı istedadlı dirijoru finalda görəcəyik”.
Bildirilib ki, bu il müsabiqəyə 350 namizəd öz dosyesini təqdim edib. Onlardan 18 namizəd yarımfinala çıxıb.
Yevgeni Svetlanov adına IV dirijorlar müsabiqəsi Parisdə “Radio France”, “France musique”, “L’orchestre philharmonique” və Heydər Əliyev Fondunun sponsorluğu ilə keçirilir. Cari ilin sentyabrında Parisdə müsabiqənin finalı və Moskvada Yevgeni Svetlanov festivalı keçiriləcək.