Psixologiyadan az-çox başı çıxan, həyatı və insanları olduğu kimi qəbul edən oxucunun başlıqdakı sualı çoxmənalı təbəssümlə oxuduğuna əminəm. Bu sualı mənə də versəydilər, ilk münasibətim fərqli olmazdı. Çünki normal insanın öz istədiyi kimi yaşaması, yalnız ürəyindən keçəni etməsi absurddur. Bunu etmək istəyənlərə, hətta istəyini gerçəkləşdirməyi bacaranlara münasibət təxminən eynidir. Bunu ifadə etmək üçün çox söz demək olar, amma sonucda bütün fikirlər bir sözə gəlib çıxır: dəli.
Haqqında danışacağımız tamaşanın adı isə belədir: “İstədiyim kimi yaşamışam”. Biz tərəflərdə o qədər də tanınmayan müasir Amerika dramaturqu Vilyam Lyüs bir aktrisa üçün nəzərə tutduğu mono-pyesi “Zelda” adlandırsa da, ya əsərə quruluş verən Xalq artisti Ağakişi Kazımov, ya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Bədii şurası, bəlkə də tamaşanı oynayan aktrisa Mehriban Abdullayeva, yaxud da hamısı birlikdə tamaşa üçün daha cəlbedici ad seçiblər: “İstədiyim kimi yaşamışam”.
Əsərin qəhrəmanı Zelda adlı bir qadındır.
O qadın ki, ahıl yaşının astanasına yaxınlaşmaqdadır...
O qadın ki, bütün ömrünü istədiyi kimi yaşadığını zənn edir...
O qadın ki, elə ürəyi istədiyini etdiyinə görə illərdir ki, psixiatriya müalicəxanasında qalmağa məhkumdur, ona “şizofreniya” diaqnozu qoyulub. Zelda niyə psixi xəstə sayılmalıdır? İstədiyi kimi yaşadığına görə?
Müəllif barədə geniş məlumat toplaya bilməsək də, son illər rus teatr məkanında “Zelda”ya ara-sıra müraciət edildiyindən pyes barədə müəyyən qədər informasiya yığdıq. Demə, bu əhvalatın qəhrəmanı təxəyyüldə yaranmış personaj yox, öz müasirlərinin həsəd və heyranlıqla qarşıladığı gerçək qəhrəmandır.
Zelda Seyr kimi dünyaya gələn şıltaq və istedadlı qız sonradan Zelda Fitscerald kimi tanınır. Hörmətli hakimin qızı, böyük sərvətin varisi, ekstravaqant tərzli, qeyri-ordinar düşüncəli Zelda hələ gənc ikən sonradan məşhurlaşacaq yazıçı Frensis Skott Fitsceralda ərə gedir. Bəli, “Cənnətin o biri tərəfində”, “Dahi Getsbi”, “Sonuncu maqnat” kimi dünya şöhrəti qazanmış əsərlərin müəllifi Fitsceralda! Maraqlıdır ki, çox yaxşı ədəbi qabiliyyət sahibi olan Zelda da xeyli maraqlı əsərin müəllifidir, onun qələmindən çıxan yazılar dövrünün populyar jurnallarında dərc olunub. Sadəcə, onun istedadı tam parlamayıb, ya da həyat yoldaşının istedadının kölgəsindən çıxa bilməyib.
Fitscerald cütlüyü parlaq, ehtiras və macəra dolu həyat yaşayıb, onları dünya tarixinə “caz dövrü” kimi düşmüş ötən əsrin iyirminci illərinin Kralı və Kraliçası adlandırıblar. Zelda Fitscerald ömrünün sonunadək, hətta bu ömrü harada başa vurmağından asılı olmayaraq, dəlicəsinə sevdiyi dahi kişinin yanında olduğu üçün taleyinə minnətdar olub. Qadın öz ərini dəlicəsinə sevdiyi qədər də qəlbinin dərinliklərində ona həm də nifrət edib. Səbəb? Çox sadə: Zeldanın saçdığı İşıq Frensisin onun üzərinə saldığı Kölgənin fonunda çox solğun idi...
“Zelda” – öz ehtiraslı sevgisi və istedadını sevimli həyat yoldaşına qurban verən, faciəli, dəhşətli, eyni zamanda həm də maraqlı taleyi ilə ərinin ən yaxşı romanlarının mövzusuna çevrilən qadın haqqında pyesdə hadisələr onun müalicə aldığı psixiatriya klinikasında baş verir. Bir gün Zelda həkimindən xəlvət onun otağına keçir və öz xəstəlik tarixçəsini tapır. Diaqnoz: “şizofreniya”. Zelda çaşqınlıq içində bütün həyatını yada salır... Axı, Zelda tipik xəstə deyil. O, sadəcə, çalışıb ki, həyatını istədiyi kimi yaşasın.
Onun istədiyi kimi yaşamını da bizə aktrisa Mehriban Abdullayeva anladır. Təxminən bir saat ərzində aktrisa valideynlərini çox da incitməyən övlad, sevdiyi oğlanla ciddi münasibət qurmağa nail olan, sonralar da heç vaxt həyat yoldaşından aralanmayan, bütün məişət çətinliklərinə, yaradıcılıq həyatının başlanğıcını müşayiət edən sıxıntılara rəğmən sevgisi azalmayan qadın rolunu seçir: əgər belə isə, əri ona niyə xəyanət etməliydi ki?.. Hələ qızı nədən anasından üz döndərsin?..
Mehriban xanımın qəhrəmanı gərəksiz müalicələrin bir qədər də pozduğu yaddaşı ilə savaşır: qayğısız uşaqlığını, üsyankar yeniyetməliyini, bacı-qardaşı ilə bütün çoxuşaqlı ailələrdə rast gəlinən dartışmaları, gələcək həyat yoldaşı ilə necə tanış olduğunu yadına salır... Amma Zeldanın yaddaş problemi onu tamaşa boyu bir zaman kəsiyindən o birinə qovur: aktrisa bu gərginliyin içində gah atıldığından 45 yaşında vaxtsız qocalmış qadına, gah da uşaqlığının yanındakı yeganə yadigarı gəlinciyinə sığınan aciz qızcığaza çevrilir.
Tamaşanı izləyən seyrçi bəzən aktrisadan ötrü narahat olur: bu ruh halının dəyişkənliyini yaşamaq, baxanları da yaşadığına inandırmaq gərəkdir axı... Mehriban Abdullayeva isə bütün istedadını, sənət sevgisini və sənət hünərini ilk dəfə müraciət etdiyi monotamaşa janrına səxavətlə xərcləyir. Əslində tamaşaçıya ünvanlanan bu səxavət payı heç cavabsız qalmır. Tamaşaçı aktrisa ilə birlikdə haldan-hala düşür, onun cavab axtardığı suallar üzərində düşünür, istədiyin kimi yaşamaq seçiminin kiçik cəmiyyət deyilən ailədə, həm də tələblərinə tablaşmalı olduğumuz böyük cəmiyyət deyilən toplumda nə sayaq yaşamağın çözümünü axtarır.
* * *
“İstədiyim kimi yaşamışam” tamaşasının qoyduğu əbədi sualları bizə Mehriban xanımla birlikdə tamaşanın bütün yaradıcı heyəti – quruluşçu rejissor Ağakişi Kazımov, quruluşçu rəssam Elşən Sərxanoğlu, işıq üzrə rəssam Vadim Kuskov, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Sona Mustafayeva çatdırdılar.
* * *
Başlığa çıxardığımız sualın cavabı barədə isə özünüz də düşünün. Çalışın ki, həm cavabınız pozitiv olsun, həm də cəmiyyətlə ortaq məxrəcə gələ biləsiniz.
Gülcahan MİRMƏMMƏD