Ötən əsrin birinci yarısında qazax ədəbiyyatı, mədəniyyəti və ictimai fikrinin inkişafında əvəzsiz xidmətləri ilə seçilən görkəmli sənətkarlardan biri də yazıçı, dramaturq, akademik Muxtar Auezov olub.
Muxtar Omarxan oğlu Auezov 28 iyul 1897-ci il də dünyaya göz açıb. Semipalatinsk şəhər beşsinifli məktəbində orta məktəbi bitirir. Məktəbli ikən ədəbi yaradıcılığa maraq göstərən Muxtar “Tufana doğru” adlı ilk hekayəsini qələmə alır. 1915-ci ildə Semipalatinsk (indiki Semey şəhəri) Müəllimlər Seminariyasına qəbul olunur. 1917-ci ildə dastan motivləri əsasında “Yenlik-Kebek” faciəsini yazır. Bu dövrdə Rusiyada baş verən inqilabi çevriliş onun baxışlarına təsir edir. O, “Alaş gəncləri” təşkilatını qurur, müxtəlif dərnəklərin yaranmasına dəstək olur. Milli demokratik cəmiyyət yaratmaq ideyasına söykənən “Abay” elmi-ictimai jurnalını nəşr etdirir.
Sonra quberniya İnqilab Komitəsində işə düzəlir, vəzifədə irəli çəkilir, Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası (MSSR) Mərkəzi İcraiyyə Komitəsində katib işləyir. 1921-ci ildə “Qızıl Qazaxıstan” jurnalında “Müdafiəsizin taleyi” hekayəsini nəşr etdirir. Qazax teatrında onun “Bəybişə-tokal” və “El ağası” pyesləri tamaşaya hazırlanır. Sənətkar 1921-1922-ci illərdə qazax ziyalılarının müdafiəsinə qalxır. Moskvanın repressiya siyasətini və iqtisadi təzyiqlərini tənqid edir. 7 mart 1922-ci ildə Qazaxıstan Mərkəzi İcraiyyə Komitəsinin üzvü Smaqul Saduakasovla birlikdə bolşevizmə qarşı kəskin mövqe nümayiş etdirir.
Daşkənd Orta Asiya Dövlət Universitetinə dinləyici kimi daxil olan M.Auezov bu müddətdə “Şolpan” və “Sana” jurnalları ilə əməkdaşlıq edir. Aktiv millətçilik fəaliyyətinə görə 1923-cü ildə Kommunist Partiyası sıralarından kənarlaşdırılır. Həmin il indiki Sankt-Peterburq Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunur. Semipalatinsk Müəllimlər Texnikumunda işə düzəlir. “Dan” adlı jurnalın nəşrinə müvəffəq olur, jurnalda “Yasa bürünmüş gözəl” və “Zorakılıq” adlı hekayələri işıq üzü görür.
1926-cı ildə Semipalatinsk vilayəti ərazilərində qazax folklor irsinin öyrənilməsi və toplanılması üzrə elmi ekspedisiya təşkil edir. Bu arada “Qaragöz” pyesini yazır. 1927-ci ildə “Ədəbiyyat tarixi” monoqrafiyasını nəşr etdirir. “Qəddar illər” povestini qələmə alır. Bir il sonra Orta Asiya Dövlət Universitetinin aspiranturasına daxil olur. Sonra qırğız səhrasına səfərlər edir və “Manas” dastanını öyrənməyə başlayır.
Professor Nizami Tağısoy araşdırmasında yazır ki, M.Auezov siyasi baxışlarına görə 1930-cu ildə həbs edilir. İki il çəkən istintaqdan sonra üç il müddətinə şərti olaraq azadlıqdan məhrum edilir. “Qaragöz”, “Yenlik-Kebek”, “Xan Kene”, “Qəddar illər” kimi bədii və qazax ədəbiyyatı tarixi üzrə yazdığı bir sıra tədqiqat əsərlərindən imtina etməyə məcbur edilir.
Yazıçı 1936-cı ildə Moskvada keçirilən Qazax ədəbiyyatı və incəsənəti dekadasına qatılır. Bu dövrdə fəal şəkildə bədii yaradıcılıqla məşğul olur. Bir neçə nəsr və dram əsəri yazır. 1940-cı ildə “Reyhan” filmini çəkir. 1941-ci ildə “Abay” romanını tamamlayır və əsər birinci dərəcəli Stalin mükafatına layiq görülür. Müəllif Böyük Vətən müharibəsi illərində A.Abişevlə birlikdə “Sın saqat” və “Namıs qvardiası” pyeslərini qələmə alır. 1944-cü ildə “Abay” operasının librettosunu, 1945-ci ildə isə “Kınaptan kılış” filminin ssenarisini yazır.
1948-ci ildə Qazaxıstan Elmlər Akademiyasının akademiki seçilən yazıçı 1951-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunur. Elə həmin ildən onun yaradıcılığına qarşı hücumlar başlayır, millətçilikdə ittiham olunur. Görkəmli rus yazıçıları A.Fadeyev, N.Tixonov və başqaları onun müdafiəsinə qalxırlar. 1954-cü ildə yazıçı “Abay yolu” roman-epopeyasını bitirir.
Görkəmli yazıçı, tədqiqatçı Muxtar Auezov 27 iyun 1961-ci ildə Moskvada vəfat edib. 1997-ci ildə UNESCO-nun qərarı ilə bütün dünyada ədibin 100 illiyi geniş qeyd olunub.
Savalan FƏRƏCOV