Opera dünyasının məşhur cütlüyü – Azərbaycanın Xalq artisti Yusif Eyvazov və Rusiyanın Xalq artisti Anna Netrebko Almaniyanın paytaxtında, Berlin Dövlət Operasının (Staatsoper Berlin) səhnəsində çıxış ediblər.
Yusif Eyvazov Alvis Hermanisin quruluşunda Cakomo Puççininin “Toska” operasında debüt edib. Anna Netrebko isə Harri Kupferin quruluşunda Cüzeppe Verdinin “Maqbet” operasında çıxış edib.
Anna Netrebko (dramatik soprano) müasir opera səhnəsinin primadonnası, Rusiya Dövlət mükafatı laureatıdır. O, ilk klassik musiqi ifaçısıdır ki, “Time” jurnalının reytinqinə - ən nüfuzlu insanların “Time-100”lüyünə daxil olub. Londonda “International Opera Awards” mərasimində 2017-ci ilin ən yaxşı müğənnisi adını qazanıb. “Forbes” jurnalının 2017-ci ildə Rusiyanın ən çox gəlir əldə edən musiqiçilərinin reytinqində Anna Netrebko lider olub.
Dramatik tenor səsə malik, beynəlxalq müsabiqələr laureatı Yusif Eyvazov, həmçinin Canandrea Qavatseni fəxri medalına layiq görülüb. O, Milanın “La Skala” və Monte-Karlo Kral operalarının kollektivi ilə birlikdə dünya səhnələrini fəth edir.