Moskvada Qara Qarayevin 100 illiyinə həsr olunmuş sərgi açılıb
Rusiya Milli Musiqi Muzeyində dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Əsrin hüdudlarını aşan sənətkar” adlı sərgi açılıb.
Sərgi Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, ölkəmizin Moskvadakı səfirliyinin dəstəyi və Heydər Əliyev Fondunun iştirakı ilə təşkil edilib.
Açılış mərasimində çıxış edən muzeyin direktoru Mixail Brızqalov sərginin təşkili ideyasının necə yaranmasından, müxtəlif fondlardan, Rusiya və Azərbaycan muzeylərindən, şəxsi kolleksiyalardan böyük səylə eksponatlar toplanmasından danışıb. Amma sərginin ən maraqlı eksponatı, şəksiz ki, dünya şöhrətli fırça ustası Tahir Salahovun “Bəstəkar Qara Qarayevin portreti” əsəridir. Diqqətə çatdırılıb ki, bu əsər 1962-ci ildən Tretyakov Qalereyasından kənarda nümayiş etdirilməyib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirib ki, bu gün o həm səfir, həm də Qara Qarayevin yetirməsi kimi çıxış edir: “Biz Qara müəllimin sinfində təkcə bəstəkarlıq sənətinin sirlərinə yiyələnmirdik, həm də həyatı öyrənirdik. O, dərin erudisiyaya və ensiklopedik biliklərə malik insan idi”.
Azərbaycan səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova mədəniyyət naziri Əbülfəs Qarayevin dahi bəstəkarın yaradıcılığına və şəxsiyyətinə diqqətə, sərginin yüksək səviyyədə təşkil edilməsinə görə muzeyin direktoruna və kollektivinə ünvanlanmış təşəkkür məktubunu oxuyub.
Sonra Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov çıxış edərək haqqında danışılan portretin yaradılması tarixindən, Qara Qarayevlə dostluq münasibətlərindən söz açıb. Rəssam qeyd edib ki, bir neçə il əvvəl bu muzeydə onun da fərdi sərgisi keçirilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova çoxillik əməkdaşlığa, Azərbaycan incəsənətinə və musiqisinə göstərilən xüsusi diqqətə görə Rusiya Milli Musiqi Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Sərgi ilə tanışlıqdan sonra Qara Qarayevin əsərlərindən ibarət konsert olub. Konsertdə beynəlxalq müsabiqələr laureatı Riad Məmmədov, Prezident təqaüdçüsü, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının tələbəsi Nazxanım Dadaşova, Rusiya Teatr Sənəti İnstitutunun məzunu Ayla Dobreva, skripkaçı Stanislav Samoylov çıxış ediblər.
Açılış mərasimində Rusiya ictimaiyyətinin, Moskvanın ali musiqi məktəblərinin, Rusiyanın Xarici işlər, Mədəniyyət nazirliklərinin nümayəndələri, bəstəkarın ailə üzvləri, habelə Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Sərgi avqustun 26-dək davam edəcək.