Cümhuriyyətin və Milli Ordunun 100 illiyi münasibətilə konsert

İyunun 22-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Şuşa şəhər musiqi məktəbləri şagirdlərinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyinə həsr olunan “Şuşanın sədaları” adlı konsert keçirildi.

Konsertdən öncə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycanın Qarabağ bölgəsinin əsrarəngiz gözəlliyindən, Şuşanın qədim mədəniyyət mərkəzlərimizdən biri olmasından danışdı. Qeyd olundu ki, Şuşada boya-başa çatan istedadlı gənclər musiqi mədəniyyətimizə mühüm töhfələr verib. Bakıda məskunlaşmış Şuşa şəhər musiqi məktəblərinin gənc istedadların üzə çıxmasında böyük rolu var. 26 ildir işğal altında olan qədim şəhərimizin azad ediləcəyinə inam ifadə edildi.

Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətullayeva çıxış edərək erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdiyi faciələrdən söz açdı. Bildirdi ki, ermənilər 1992-ci ildə Şuşa şəhərini işğal edəndən sonra oradakı tarix və mədəniyyət abidələrimiz tamamilə məhv edilib.  Bütün bunlara baxmayaraq, vətənsevər şuşalılar öz doğma yurdlarına qayıdacaqlarına əmindirlər. Onlar bu qədim mədəniyyət mərkəzini bərpa edərək əvvəlkindən də gözəl vəziyyətə gətirəcəklər.

V.Fətullayeva gənc musiqiçilərə yaradılan şərait, onlara göstərilən qayğı üçün Firəngiz Əlizadəyə təşəkkürünü bildirdi və üç dildə nəşr olunan “Qarabağ” kitabını bəstəkara təqdim etdi.

Sonda Şuşa şəhər musiqi məktəbləri şagirdlərinin ifasında Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Zakir Bağırov, Süleyman Ələsgərov, Azər Rzayev və Adil Bəbirovun, eləcə də dünya bəstəkarlarından E.Qriq, S.Frolov, İ.Brams, G.Hendel və P.Çaykovskinin əsərləri səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.

Savalan FƏRƏCOV