25-27 iyun tarixində paytaxtımızda daha bir beynəlxalq sənət yarışması – Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsi keçirildi. Müsabiqəyə 10 ölkədən milli, modern və klassik rəqs nümayəndələri qatılmışdı.
Müsabiqə iştirakçıları və qonaqlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər xiyabanını ziyarət ediblər. Görkəmli rəqs ustası, SSRİ Xalq artisti Qəmər Almaszadənin xatirəsi də anılıb.
* * *
İyunun 25-də axşam Heydər Əliyev Sarayında Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsinin açılış mərasimi keçirildi.
Mərasim ilk milli balerinamız, ölkəmizdə neçə nəsil balet artistlərinin ustadı olmuş, milli rəqslərimizin toplanmasında və öyrənilməsində böyük xidmətlər göstərmiş Qəmər xanımın yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başladı.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev milli balet məktəbinin yaradıcılarından olmuş, ilk azərbaycanlı qadın balet ustası Qəmər Almaszadənin adını daşıyan beynəlxalq müsabiqənin ikinci dəfə keçirilməsini çox gözəl bir hadisə kimi dəyərləndirdi. Nazir iştirakçıları salamlayaraq qeyd etdi ki, Qəmər Almaszadə adına müsabiqə ölkəmizdə keçirilən digər beynəlxalq miqyaslı tədbirlərin sırasında artıq özünəməxsus yer tutur. Yəqin ki, bu sənət bayramı ənənəvi olaraq təşkil ediləcək və hər müsabiqədə Qəmər Almaszadənin adına layiq yeni balet və rəqs sənəti ulduzları parlayacaq. Qəmər xanımın ardıcılları bu gün Azərbaycan balet məktəbində çalışır və bu müsabiqənin münsiflər heyətində ölkəmizi təmsil edirlər.
“Rəqs məktəbimizin nümayəndələri ölkəmizi dünyada layiqincə tanıdır”
Nazir daha sonra dedi: “Budəfəki müsabiqənin bir özəlliyi də onun Şərqin ilk demokratik respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və xoreoqrafiya məktəbimizin gələn il tamam olacaq 90 illik yubileyi ərəfəsinə təsadüf etməsidir. Bir neçə il öncə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış, çoxpilləli təhsil sistemini əhatə edən Bakı Xoreoqrafiya Akademiyası məhz həmin ilk təhsil ocağının davamçısıdır”.
Əbülfəs Qarayev çıxışının sonunda vurğuladı ki, bu gün Azərbaycan klassik və milli rəqs məktəbinin nümayəndələri ölkəmizi dünya səhnələrində layiqincə tanıdır, Heydər Əliyev Fondunun keçirdiyi beynəlxalq səviyyəli tədbirlərdə, konsertlərdə istər milli rəqs ansamblı, istərsə də balet artistləri uğurla çıxış edirlər.
* * *
Sonra səhnə Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin ixtiyarına verildi. Tələbələr həm beynəlxalq müsabiqənin xaricdən gəlmiş münsiflərini, həm ev sahibi Azərbaycan ilə birlikdə yarışa qoşulan ölkələrin gənc rəqqas və balet artistlərini müasir balet sənətimizin örnəkləri ilə tanış etdilər.
Əməkdar müəllim Pellumb Aqalıyayın “Həyatın ritmi” adlandırdığı 20 dəqiqəlik müstəqil xoreoqrafik kompozisiya Azərbaycan və dünya balet sənətinə iki misilsiz əsər bəxş etmiş dahi Qara Qarayevin musiqisi əsasında qurulmuşdu. Səhnənin arxa divarında quraşdırılmış pilləli ekranda təsviri verilən günün saatlarına görə rəngi dəyişilən zamanın (sübh çağından gecənin qaranlığınadək) təsviri ifaçıların çıxışını tamamlayır, bu dünyada hər şeyin – sənətin də, zamanın da öz ritminin olduğunu daha qabarıq vurğulayırdı. Akademiyanın bakalavr və kollec pilləsi tələbələrinin modern rəqs kompozisiyası daha çox dünyanın seçdiyi yeni dövr, neoklassik rəqs elementləri ilə bol sənət tendensiyasından geri qalmadığımızı göstərmək həvəsi idisə, Nazim Əliverdibəyovun “Muğam” xoreoqrafik miniatürünün balerina Elmira Süleymanova və Əməkdar artist Samir Səmədovun ifasında nümayişi muğam qədər özgür və qədim musiqi janrının hətta balet tamaşası olaraq çoxifadəliliyinin təsdiqi idi.
Qonaqlara bu gün Azərbaycanın gənc balet sənəti nə ilə yaşayır, nələri bacarır suallarına cavab olaraq hazırlanmış proqram başa çatdıqdan sonra müsabiqənin beynəlxalq münsiflər heyəti və iştirakçıları təqdim olundu.
* * *
İyunun 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müsabiqənin birinci turu oldu. Müsabiqənin üçüncü günü (27 iyun) daha gərgin keçdi. Gün ərzində qələbə iddialı balet artistləri və rəqqaslar klassik balet, milli rəqs və modern rəqs nominasiyaları üzrə solo, duet və ansambl kateqoriyalarında çıxış etdilər.
Axşam isə Opera və Balet Teatrında müsabiqə qaliblərinin adları açıqlandı və laureatlarının qala konserti keçirildi.
Bağlanış mərasimində ilk təqdim edilən musiqi nömrəsi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası oldu. Amma proqramın tərtibçiləri bu melodiyaya fərqli yanaşmışdılar: ilk dəfə möhtəşəm uvertüranı təkcə dinləmədik, həm də milli və klassik rəqs elementlərinin sintezindən yaranmış xoreoqrafik kompozisiya olaraq seyr etdik. Əslində, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri ilə birlikdə səhnəyə çıxan, ayrı-ayrı rəqs, balet hərəkətlərini nümayiş etdirən müsabiqə iştirakçılarının ifası da kimlərin qalib gəldiyi barədə məlumat verirdi...
“Bu yarışda məğlub yoxdur...”
Sonra beynəlxalq münsiflər heyəti səhnəyə dəvət olundu.
Azərbaycanın xalq artistləri Rəfiqə Axundova, Roza Cəlilova və Afaq Məlikova, Ukraynanın Xalq artisti Boris Kolnoquzenko, Bolqarıstan Balet Assosiasiyasının rəhbəri Silviya Tomova, Estoniyadan UNESCO-nun beynəlxalq rəqs şurasının üzvü Vasili Medvedyev, İsrail Dövlət Baletinin prima balerinası və bədii rəhbəri Nina Gerşman, Azərbaycanın və Rusiyanın Əməkdar artisti Vitali Axundovdan ibarət jürinin sədri – Rusiyanın Xalq artisti Vyaçeslav Qordeyev çıxış edərək beynəlxalq müsabiqənin uğurla başa çatdığını dedi: “Bu üç gün ərzində müsabiqə iştirakçıları özlərinə yeni dostlar, Bakı tamaşaçılarının simasında isə yeni pərəstişkarlar qazandılar. Onlar həmkarlarının və mükafat uğrunda rəqiblərinin çıxışlarından nələrisə öyrəndilər. Bu yarışda məğlub yoxdur, çünki səhnəyə çıxan sənət adamının ən böyük qazancı tamaşaçı sevgisi və alqışıdır ki, ötən üç gün ərzində gənc rəqs ustaları bunu hiss edə bildilər”.
Nəhayət, qaliblərin adları açıqlandı.
Münsiflər heyətinin qərarı ilə üçüncü yerə Lean Reyzer və Elinor Ostrovski dueti (İsrail), Jasmin Seizova (Bolqarıstan), Dilarə Mehdiyeva (Azərbaycan), Roman Yuşşenko – Olqa Qnizdilova dueti (Ukrayna) layiq görüldülər.
İkinci mükafat isə Metis Lova (ABŞ), Ayan Eyvazova – Makar Ferştdant duetinə (Azərbaycan), Yelena Polevayeva – Vladislav Andriyenko duetinə (Ukrayna) çatdı.
Müsabiqənin birinci mükafatını Qumar Sultanbek (Qazaxıstan), İrina Matsepa (İspaniya) və “Bakının ulduzları” rəqs ansamblı (Azərbaycan) qazandı.
Rusiya Federasiyasından yarışa qatılmış Mistislav Arefyev və Siori Fukuda dueti isə Qran-pri mükafatına layiq görüldü. Baş mükafatı qaliblərə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev təqdim etdi.
Amma mükafatlar bununla bitmədi. Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, illərdən bəri Azərbaycanın gənc balet artistlərinin yetişməsinə öz töhfəsini verən alban əsilli Pellumb Aqalıyay müsabiqənin açılış mərasimində Qara Qarayevin musiqisinə qurduğu “Həyatın ritmi” xoreoqrafik kompozisiyaya görə “Qara Qarayev - 100” xatirə medalı ilə təltif edildi.
TÜRKSOY təşkilatı da öz töhfəsini sənət yarışı qaliblərindən əsirgəmədi. Müsabiqəyə qatılmış Lalə Aslanova (Azərbaycan) qurumun xüsusi mükafatına layiq görüldü. Ölkəmizin TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı qurumun digər mükafatını – TÜRKSOY-un 25 illiyinə həsr olunmuş xatirə hədiyyəsini akademiyanın rektoru Timuçin Əfəndiyevə təqdim etdi.
Təqdimat mərasimindən sonra müsabiqə qaliblərinin iştirakı ilə qala-konsert oldu.
G.MİRMƏMMƏD