Qədim şəhərdə ənənəvi beynəlxalq festival başlayıb
Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı başlayıb. Mədəniyyət Nazirliyinin, Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-dən 1 iyul tarixinədək davam edəcək festivalın zəngin proqramı var.
İyunun 25-də Azərbaycan Bəstəkarlar İttifaqında festival ilə bağlı mətbuat konfransı keçirildi. Festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə son illər ölkəmizdə keçirilən beynəlxalq incəsənət tədbirlərinin əhəmiyyətindən söz açdı. Bildirdi ki, 2010-cu ildə əsası qoyulan Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı ölkəmizin mədəni həyatında əlamətdar hadisədir. Budəfəki festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirlər.
Festivalın tarixində ilk dəfə olaraq bu il UNESCO-nun “Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurası”nın (İCTM) “Məqam” elmi tədqiqat qrupunun beynəlxalq elmi simpoziumu da keçiriləcək. Tədbirə Yaponiyadan Almaniyayadək 10 ölkədən tanınmış elm xadimləri qatılacaqlar.
Mətbuat konfransında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Yunus Əmrə İnstitutu Bakı Mədəniyyət Mərkəzinin rəhbəri Cihan Özdəmir və başqaları çıxış edərək layihə haqqında danışdılar. Bildirildi ki, “İpək Yolu” festivalı bu dəfə də iştirakçılara, tamaşaçılara unudulmaz anlar yaşadacaq.
İyunun 25-də Bəstəkarlar İttifaqında Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının “müqəddiməsi” olaraq kamera konserti keçirilib. Tədbirdə gənc rəssamların əl işləri də sərgilənib.
“Festivala çox gözəl əhval-ruhiyyə ilə başlayırıq”
İyunun 27-də Şəkidəki “Marxal” müalicə-istirahət kompleksinin Yay teatrında “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.
Festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı münasibətilə bütün iştirakçıları və sənətsevərləri təbrik edib. Vurğulayıb ki, bu il bir sıra yaddaqalan hadisələrlə zəngindir. Ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyəti və dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyləri möhtəşəm tədbirlərlə qeyd olunur. Bir sözlə, bayram bayrama qarışıb və ənənəvi festivala gözəl əhval-ruhiyyə ilə başlayırıq.
Bəstəkarlar İttifaqının sədri builki festivalın proqramında beynəlxalq elmi simpoziumun yer almasının da əhəmiyyətini qeyd edib. Bildirib ki, tədbirdə Şəki şəhərinin tarixi və mədəniyyəti, dünya xalqlarının folklor musiqisinin qorunub saxlanması və təbliği məsələləri müzakirə olunacaq.
Bildirilib ki, festival günlərindən TÜRKSOY təşkilatının 25 illiyinin Şəki şəhərində qeyd olunması da musiqi mədəniyyətimizdə mühüm hadisələrdən biri olacaq.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qədim mədəniyyət mərkəzinin beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkan olduğunu, Şəkinin “festivallar şəhəri” kimi tanındığını vurğulayıb. Qeyd edib ki, hər ilin yayında keçirilən “İpək Yolu” festivalı Şəkinin mədəni həyatında çox böyük hadisədir və musiqisevərlərin yaddaşında gözəl xatirə kimi qalır.
Rəsmi hissədən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi hərbi orkestrinin konserti olub. Orkestrin repertuarına müxtəlif janrlı əsərlər – klassik, caz, estrada və populyar musiqi daxildir. Bildirilib ki, repertuarında vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkar mahnılarına xüsusi yer ayıran orkestr dəfələrlə ölkəmizin hüdudlarından kənarda keçirilən festivallarda iştirak edib, mükafatlara layiq görülüb. Kollektivin bədii rəhbəri və dirijoru mayor Səməd Vəkilovdur.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan konsert proqramının sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib.
Festival çərçivəsində iyunun 28-də gündüz Şəki xanları sarayının həyətində Şəkinin “Zirvə” ansamblının konserti olub. Konsertdə unudulmaz bəstəkar Emin Sabitoğlunun mahnıları səsləndirilib.
Savalan FƏRƏCOV