İyulun 19-da Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin növbəti tamaşası olacaq.

Səhnə əsərində azərbaycanlı balet artistləri Timur Əsgərov və Fuad Məmmədov da çıxış edəcəklər.

“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci ildə məhz bu teatrda (o vaxt Leninqrad Opera və Balet Teatrı) keçirilib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin dramaturgiyasındadır.

Azərbaycanın Əməkdar artisti Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariinsk Teatrının truppasında fəaliyyət göstərir.

Fərhad Məmmədov da Bakı Xoreoqrafiya Akademiyasını bitirib. Taras Şevçenko adına Ukrayna Milli Operasının artisti olub. 2013-cü ildən Sankt-Peterburq teatrında çalışır.