Hər zaman onu görərkən fikrimdə bir sual formalaşır. Görəsən, nə üçün çox zaman komediya janrında olan pyeslər üzərində işləməyə üstünlük verir? Hər dəfə də eyni cavabı alıram: “Təbiətcə zarafatcıl adam olduğu üçün”. Bu bir həqiqətdir. Demək olar ki, onunla hər gün görüşürəm. Hər gün də üzündə çox maraqlı bir sevinc duyuram. Duzlu, məzəli söhbətlərilə teatrda hər kəsin diqqətini özünə cəlb edə bilir. Ancaq bununla belə onun yaradıcılığında psixoloji pyeslərin də maraqlı rejissor traktovkasını görmək mümkündür. O, böyük bir sənət məktəbi keçən və həm də özünün sənət məktəbini yarada bilən istedadlı rejissordur. Bu il 75 yaşı tamam olan Xalq artisti Vaqif Şərifov.

Vaqif Abdulla oğlu Şərifov 1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirib. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə yenidən Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-cü ildən 1998-ci ilədək həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışıb. Müxtəlif illərdə Nazim Hikmətin “Domokl qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, A.Baranqanın “İctimai rəy”, Y.Saloviçin “Qəribə dilənçi”, Anarın “Şəhərin yay günləri”, Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür”, Orxan Kamalın “Yad qızı”, Nüşabə Məmmədlinin “Unutmaq istəyirəm”, Sahib İbrahimlinin “Sadığın toyu” və s. pyeslərə quruluşlar verərək, ümumilikdə 120-dən artıq tamaşaya səhnə həyatı bəxş edib. “Qanun dəllalı” (Mirzə Məhəmməd Axundzadə) tamaşasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatını qazanıb. 1992-ci ildə respublikanın Əməkdar incəsənət xadimi və 2014-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Vaqif Şərifov orta məktəbdə 3-cü sinfə qədər Ağstafada oxuyub, qalan məktəb həyatı Gəncədə keçib. Burada o zamanlar “Alimlər evi” deyilən məkanda bir çox dərnəklər fəaliyyət göstərib. Dövrünün sayılıb-seçilən ziyalıları, pedaqoqları bu məkanda gənclərin yetişməsi, püxtələşməsi üçün əllərindən gələni əsirgəməyiblər. Vaqif də dram dərnəyinə üzv yazılıb. Dərnəyə Xalq artisti Məhəmməd Bürcəliyev rəhbərlik edib. Yəqin ki, elə bu sənətə gəlməyinin də ilk qığılcımları bu dərnəkdən qaynaqlanıb. Gəncə Dövlət Dram Teatrının baş rejissoru və direktoru Hüseyn Sultanovun dəvəti ilə 1960-cı ildə taleyini Gəncə teatrına bağlayan Vaqifə ilk vaxtlar kütləvi səhnələrdə çıxışlar etmək tapşırılırdı. Bir müddət sonra onun istedad və bacarığını görən Xalq artisti Məhəmməd Bürcəliyev 14 aprel 1962-ci il tarixində quruluş verdiyi Yusif Əzimzadənin “Anacan” pyesində ona Dövşan Rəhim rolunu həvalə edir. Bu  sınaq Vaqifin həyatında uğurlu olur. Artıq Gəncə teatrında iki il ərzində püxtələşən Vaqif həmin il Azərbaycan Dövlət İncəsənət İnstitutuna oxumağa göndərilir. Rejissorluq fakültəsində təhsil illəri onun üçün çox maraqlı və həm də uğurlu keçir. 1967-ci ildə təhsilini bitirib doğma Gəncə teatrına qayıdır. Tələbəlik illərini bu gün də söhbətlərində özünəməxsus bir şövqlə xatırlayır: “Doğrusu, mən ilk vaxtlarda aktyor olmaq istəyirdim. Çünki özümü teatrsız, səhnəsiz təsəvvür etmirdim. Vaxt bitdi, vədə yetişdi. Sənədlərimi İncəsənət İnstitutuna hazırlayan zaman yenə də Xalq artisti Məhəmməd Bürcəliyev köməyimə çatdı. O, hər zaman mənim uğurlarım ilə sevinir və mənə qol-qanad verirdi. Biləndə ki, aktyorluq fakültəsinə getmək istəyirəm, dəyərli məsləhəti ilə köməyimə çatdı. Dedi aktyor kimi artıq, demək olar ki, püxtələşmisən. Gəl sənədlərini rejissorluq fakültəsinə ver. Onda səhnəni daha yaxşı duyacaqsan. Mən də belə etdim”.

O, 58 ildir teatrda işləyir. Bu illərdə sənət yolunda hər zaman axtarışlarda olub. Özünü bu sənətdə tapıb və təsdiqləyib. Onun düşüncələrində sənət axtarışları böyük bir sonsuzluğa gedir, tamamlanması isə mümkün deyil. Deyir ki, dövlət teatrlarında 120-dən artıq tamaşaya quruluşlar vermişəm: “Bu tamaşaların hər birində axtarışda olmuşam. Deyə bilmərəm ki, özümü tapmışam və yüksək səviyyədə zirvəyə qalxmışam. Mənə elə gəlir ki, bu sözü heç kəs deyə bilməz. Bu baxımdan axtarışdayam və ömrümün sonunadək də yəqin ki, axtarışda olacağam”.

Mavi dənizi də bu sonsuzluğuna görə sevirəm deyir. Dənizin bitməz bir sonsuzluğunda hər zaman özünü tapır, itirdiklərinin xəyalları ilə danışır. Düzdür, xəfif ləpələr arabir üzünə çırpılır. Amma bu, qəlbini isidir. Çünki ləpələr onu xəyallarına qovuşdurur. Həm də onu xəyallarından, düşüncələrindən ayıldır...

Teatrın səhnəsində qızğın məşq gedir. Bu dəfə müraciət etdiyi əsərin səhnə taleyi həmişəki kimi onu daha çox düşündürür. O, Altay Məmmədovun “Dəli Domrul” qəhrəmanlıq komediyasını doğma teatrının səhnəsində hazırlamalı idi. Məşq başlayır. Aktyor heyəti öz yerini tutur. Rejissor ilk mizanlarını göstərir.

 “Dəli Domrul” pyesinin mövzusu uzaq tarixi keçmişimizin qiymətli yazılı abidəsi olan “Dədə Qorqud” dastanından alınıb. Dastanın Dəli Domrul boyundan istifadə edərək orijinal səhnə əsəri yaradan Altay Məmmədov pyesdə ciddi mətləblərə toxunub. Pyesin ideya-bədii istiqaməti çox böyük fəlsəfi fikirlər axınında müəyyənləşir. Dramaturq dastanın dili və ifadə üslubunu saxlamaqla, komediyanın mərkəzində xeyirlə şər qüvvənin, həyatla ölümün mübarizəsini konkret cizgilərlə göstərə bilir.

Məşq zamanı rejissor traktovkası ilə epizodlar dəyişir, mizanlar dəqiqləşir, bəzən eyni səhnə dönə-dönə bir neçə dəfə təkrar olunur. Vaqif Şərifov obrazların mahiyyətini açmaq, onları tamaşaçı gözü ilə cilalayaraq hadisələrin bir-birini tamamlaması üçün təsirli ifadə vasitələri axtarır, seçir.

“Dəli Domrul”un gərgin məşqlərini xatırlayarkən rejissor ani olaraq fikrə daldı və uzaq bir xəyallar aləmində nəyisə xatırlayan kimi bir az da çöhrəsində təbəssüm dolu bir narahat baxışla dedi: “Bir həqiqəti etiraf edim ki, rejissorluq adamdan əhatəli dünyagörüşü, bilik və seçdiyi sənətə məhəbbət tələb edir. Tamaşaya hazırladığım bu əsərdə də yalnız teatr divarları arasında yox, gəzintidə də, evdə də hər zaman onunla bir yerdə olub, ondan heç zaman ayrılmadım. Hətta məşq zamanı tapa bilmədiyim detallar, həll edə bilmədiyim mizanlar belə işdən sonra da fikrimdə həmişə məni məşğul edib, rahat buraxmayıb. Hər zaman səhnə həllini verməyə çalışdığım Dəli Domrulu düşündüyüm tərzdə aktyorlara elə çatdırmağa çalışırdım ki, səhnədə də deyilənlərə şübhə ilə yanaşmasınlar. Tamaşanın uğurlu səhnə taleyi üçün bunlar mənə hava-su kimi lazım idi. Bax tamaşadan sonra azca da olsa sevinirəmsə bu mənim bəsimdir. Demək zəhmətim hədər getməyib”.

Gəncə Dövlət Dram Teatrı hər zaman öz repertuar siyasətini qoruyub saxlayıb, bununla da dövrü ilə ayaqlaşmağı bacaran teatrlarımız sırasındadır. Rejissor Vaqif Şərifovun bu tendensiyanı əsas götürməsi yenə də teatrda neçə-neçə gənc aktyor heyətinin buraya cəlb olunmasında öz müsbət nəticəsini verməkdədir. Belə olmasa idi, onsuz da kadr çatışmazlığından əziyyət çəkən teatrlarımızın bir çoxu kimi, Gəncə teatrı da bu problemlə üz-üzə qalardı. Ancaq bu gün teatrın özünün yetişdirdiyi gənc aktyor nəsli var və bu gənclər sənətin çətinliklərinə alışır, burada böyük məktəb keçərək püxtələşirlər.

Gənc aktyor heyətinə baxdıqda rejissor ani olaraq hislərini cilovlaya bilmir və gözləri yaşarır: “Mən də teatra bax beləcə gənc olanda böyük həvəslə gəldim. O zaman bizim xeyirxahlarımız var idi. Sənətin çətin, əzablı yollarında bizimlə birgə addımlayanlar vardı. Sevinirəm ki, bu gün mənə qocaman sənətkarlarımızdan miras qalan bu işi qoruyub saxlaya bilirəm. Bu gün müasir teatr repertuar siyasəti gənclərin üzərində qurulmalıdır. Əks halda sənətimizi qoruyub saxlaya bilmərik”.

Lirik, psixoloji pyeslərdən söhbət düşdükdə Vaqif Şərifovun yaradıcılıq üslubuna daha çox yaxın olan amillər göz qabağına gəlir. Belə ki, rejissor özünün də dediyi kimi, bir çox janrlarda işləməyə üstünlük versə də, lirik-psixoloji pyeslərə də müraciət etməyi sevir və daha dərindən duyur, görür. Gəncə Dövlət Dram Teatrında Nüşabə Məmmədlinin “Unutmaq istəyirəm” lirik-psixoloji pyesinin uğurlu səhnə taleyi yaşaması da Vaqif Şərifov duyumunun bəhrəsidir. Rejissorun quruluş verdiyi səhnələrdə hər zaman məhəbbət macəraları ilə dolu olan insan taleyi, dövrün, zamanın axarında puç olan arzuların reallaşması, gələcəyə böyük ümidlərlə baxan nikbin bir məhəbbət alovu və ən nəhayət, insan taleyi, onun arzuları dayanır.

Tamaşa boyu gənc Ülviyyənin (Xalq artisti Pərvanə Qurbanova) gənc bir oğlana (Əməkdar artist Qurban Abbasov) vurulması, anası Zümrüd xanımın (Xalq artisti Sədayə Mustafayeva) xəstəliyi, şikəstliyi, daima ata (Xalq artisti Ələddin Abbasov) həsrəti ilə yaşayan və atasının həyatda ikili həyat (ikinci dəfə ailə həyatı qurması) tərzi sürməsi onun uşaqlıq illərinin ən acı xatirələrində cəmlənməsi, bununla da, həyatın ağrılı-acılı anları ilə istər-istəməz barışması təlatümlü insan taleyindən xəbər verir. Həyatın təlatümlü və ehtiyaclarla dolu anlarını yaşayan Ülviyyənin uşaqlıq çağlarını nə vaxt başa vurduğunu, hətta bu illər ərzində oyuncaqlarının belə olmamasını anası Zümrüd xanımın dilindən eşidirik. Personajlar elə bir zaman kəsiyində səhnə həlli tapmış olurlar ki, cərəyan edən hadisələr bir an belə səni rahat buraxmır, əksinə, həyatın insan psixologiyasına gətirdiyi anlarıyla qarşı-qarşıya qoyur.

Tamaşada rejissor traktovkası, rəssam işi və musiqi bir ahənglik və tamlıq təşkil edərək günümüzün aktual problemlərinə çevrilən məişət qayğılarını daha da qabarıq şəkildə təqdim edir.

Vaqif Şərifovun Gəncə Dövlət Dram Teatrının səhnəsində son quruluş verdiyi pyeslərdən biri də Elçinin “Qatil” psixoloji dramıdır. Pyesdə cərəyan edən hadisələr günümüzün reallıqlarını özündə əks etdirməklə yanaşı, insan taleyindən, həyat məngənəsində sıxılan acı talelərin gətirdiyi bədbəxtliklərdən və sonda həyatın özünün belə insanı amansızcasına qatilə çevrilməsindən bəhs edir. Tamaşa rejissor tərəfindən o qədər böyük maraq və dəqiq detallar vasitəsilə işlənib ki, hadisələrin gedişi səhnədə bir an belə insanı rahat buraxmır, mizanlar hər an dəyişir və ani olaraq səni xəyallarda yaşadır. Bu xəyallar çox zaman insanı vadar edir ki, düşünəsən. Öz həyatında baş verənlər haqqında düşünürsən və bu düşüncələr elə sənin özünü də bir növ tamaşanın maraqlı bir iştirakçısına çevirə bilir. Pyesdə orta məktəbdə dərs deyən kimya müəlliməsi xəyallarının gerçəkləşməsini mavi səmada olan ulduzlar arasında axtarır və baş verənlərin məhz onların vasitəsilə axtarıb tapılmasını taleyinin bir hissəsi, qisməti bilir. O, ailə həyatı qurmayıb və hər zaman da tələbələrinin yazı dəftərini yoxlaya-yoxlaya onların xəyalları ilə danışır və bununla da özündə mənəvi bir dinclik, rahatlıq tapır. Ancaq çox zaman da təklikdən qorxur. Elə bu qorxu hissi də onu sonda qatilə çevirir. Pyesdə müəllif tərəfindən günümüzün ən aktual problemlərindən olan pula hərislik, rüşvətxorluq, yalanlar üzərində qurulan həyat macəraları Vaqif Şərifovun rejissor üslub və baxışlarında maraqlı detallarla tamaşaçıya çatdırılır.

Xalq artisti Vaqif Şərifov bu gün də axtarışdadır, beyni düşünür, qəlbi yeni-yeni yaradıcılıq nigarançılığındadır. Əlbəttə ki, hər bir yaranan yeni səhnə əsəri onun yuxusuz gecələrinin, narahatlığının, ən başlıcası isə qəlbinin alovu ilə yanan sənət eşqinin yadigarıdır. Özünün də dediyi kimi, səhnəyə hər gün yeni bir məsuliyyətlə gəlir və düşünərək düşündürür. Onun hər gəlişi bir varlıqdır. Bitməz, tükənməz bir varlıq. Bu varlıq daima bir qüvvəyə malikdir ki, o qüvvəni sənət müəllimlərindən alıb və bu gün də qoruyub saxlamaqla gələcək nəsillərə ötürmək istəyir. Sənət yollarının aşırımlarına tab gətirən bir arzu. Sənət arzusu, sənət alovu.

Anar BÜRCƏLİYEV
teatrşünas