İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan konsert təşkil edilib.
İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) tərəfindən təşkil olunan konsertdə əvvəlcə iki ölkənin himnləri səsləndirilib.
Tədbirdə çıxış edən yazıçı-publisist Mətin Yıldırım 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını qardaş ölkələrimizin tarixində mühüm hadisə kimi dəyərləndirib. Vurğulanıb ki, Nuru paşanın komandanlığı ilə Azərbaycanın köməyinə çatan Qafqaz İslam Ordusu xalqlarımızın gələcəyinə qəhrəmanlıq salnaməsi yazıb.
İSTAD-ın sədri Səfər Qaraqoyunlu çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, XX əsrin sonunda müstəqilliyimizin bərpası, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunmasının əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həyatımızın bütün sahələrində özünü əks etdirir. İyunun 26-da Azərbaycan Ordusunun 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi parad günü Türkiyə hərbi təyyarələrinin Azərbaycan paytaxtında nümunəvi uçuşları ölkələrimizin daim bir-birinin yanında olmasının göstəricisidir.
Çıxışlardan sonra İSTAD-ın xorunun ifasında Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən musiqilər səsləndirilib. Kollektivin bədii rəhbəri və dirijoru Tekin Böyükkayadır.