Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına direktor təyin edilib.
Naidə Məbud qızı İsmayılzadə 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini bitirib. Əmək fəaliyyətinə “Azərbaycanfilm” kinostudiyasında başlayıb, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında böyük redaktor işləyib.
1989-2006-cı illərdə Mədəniyyət Nazirliyində, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyində çalışıb. Bu təyinatadək Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin Teatr sektorunun müdiri olub.
N.İsmayılzadə bədii tərcümə ilə də məşğul olur. Türk dilindən tərcümə etdiyi T.Cücenoğlunun “Qadıncıqlar”, T.Özakmanın “Ocaq”, S.Şendilin “Yeddi ərli Hürmüz”, rus dilindən tərcümə etdiyi E.Filipponun “Vinçenso de Pretori”, A.Ekzüperinin “Balaca şahzadə”, B.Şounun “Piqmalion”, A.Saqarelinin “Xanuma” əsərləri müxtəlif teatrlarda tamaşaya qoyulub.
Prezidentin müvafiq sərəncamına əsasən N.İsmayılzadə 2009-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov yeni vəzifəyə təyinat alacaq.