Teatrlarda növbəti sənət mövsümü sona yaxınlaşır. Bəzi teatrlar mövsümü repertuarındakı mövcud tamaşalarla yekunlaşdırmağa hazırlaşdıqları vaxtda digər kollektivlər mövsüm sonunda da teatrsevərlərə yeni səhnə əsərləri təqdim etmək niyyətindədir.

 

Yayın qızmarında “Payız sonatası”

 

İyulun 7-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında İnqmar Berqmanın pyesi əsasında hazırlanmış “Payız sonatası” adlı tamaşanın premyerası olacaq.

Tamaşanın quruluşçu rejissoru İlqar Safat, dekorasiya rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır. Səhnə əsərinin musiqi tərtibatı İlqar Safatındır. Tamaşada  Xalq artisti Lyudmila Duxovnaya, teatrın aktyorları Rumiyə Ağayeva, Natəvan Hacıyeva, Aleksey Saprıkin çıxış edəcəklər.

 

“Öldürsənə məni, Canikom”

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı isə Əziz Nesinin məşhur “Öldürsənə məni, Canikom” pyesinə müraciət edib. Türk dramaturqun bu əsəri dünyanın bir çox səhnələrində dəfələrlə hazırlanıb və həmişə böyük tamaşaçı marağına səbəb olub. Paytaxtımızda isə bu əsər teatr mövsümünün son premyerası kimi iyulun 8-də səhnəyə çıxacaq.

Qeyd edək ki, əsərin janrı komediya olsa da, məğzi tənhalığın faciəsidir. Tamaşada həm komik, həm də dramatik məqamlara yetərincə yer verilib.

Əsərin qəhrəmanları uzun illər öncə ərlərini itirmiş 68 yaşlı Siyen və 73 yaşlı Dihadır. Onlar məcburiyyətdən binanın zirzəmi qatında yaşayırlar. Siyenin toyunun 50 illik yubileyini qeyd etməyə hazırlaşan rəfiqələr radioda şəhərdə qaz nəzarətçisi adı ilə qadınların evinə girib onları boğaraq öldürən, yaraşıqlı zorakı cani barədə məlumat eşidirlər. Bütün hadisələr də bundan sonra cərəyan edir...

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Sona Mustafayevadır. Rolları Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artist Qəmər Məmmədova, aktyorlar Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhram Həsənov, Anar Seyfullayev və Anar Səfiyev oynayırlar.

 

Yuğ teatrından “Təklif” gəlir

 

Yuğ Dövlət Teatrı mövsümə iyulun 15-də rus yazıçı-dramaturqu Anton Pavloviç Çexovun əsəri əsasında hazırlanmış “Təklif” tamaşası ilə yekun vuracaq.

Rejissor Günay Səttarovanın quruluş verdiyi tamaşanın səhnə tərtibatçısı Əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, rejissor assistenti Sabir Məmmədovdur.

Səhnə əsərində Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edəcək. Mövsümün son görüşündə həmçinin il ərzində teatrın yaradıcılıq həyatında fəal iştirak edən əməkdaşların mükafatlandırılması da nəzərdə tutulub.

LALƏ