Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist Sevinc Ədalətqızının “İstiqlal abidəsi Əhməd Cavad”, “Fırtınalı ömür”, “Cavad və Şükriyyə dastanı”, “Əhməd Cavad haqqında xatirələr”, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi “İstiqlal eşqiylə yanan ürəklər” kitablarının təqdimatı keçirilib.
Azərbaycanda Atatürk Mərkəzinin elmi araşdırmalar bölməsinin redaktoru, filoloq Zülfiyyə Mehdiyeva çıxış edərək kitablarda Əhməd Cavadın keşməkeşli yaradıcılığı haqqında ayrı-ayrı müəlliflərin məqalələrinin, ona ithaf edilmiş şeirlərin, şairin doğmalarının xatirələrinin yer aldığını bildirib.
Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova və digər çıxış edənlər kitabların əhəmiyyətindən söz açıblar.
Müəllif Sevinc Ədalətqızı 2008-ci ildən Əhməd Cavad yaradıcılığını araşdırmağa başladığını və hər dəfə də şairin əsərlərində ibrətamiz həqiqət, Vətənə sonsuz sevgi ilə rastlaşdığını deyib: “Əhməd Cavad ömrünü təmiz vicdanla yaşayıb, haqq işi uğrunda şərəfli ölümü hər şeydən üstün tutub. Onun şeirləri bizə Vətəni sevməyi, ona layiqli övlad olmağı, bayrağını uca tutmağı, lazım gələrsə bu yolda candan keçməyi öyrədir”.