Daşkənddəki Satira Teatrında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində tamaşası təqdim olunub.
Tamaşanı Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər izləyiblər.
Quruluşçu rejissoru Özbəkistanın Xalq artisti Bahadur Yuldaşev olan tamaşada rolları Səncər Səttarov, Bekzad Şoymetov, Xuvayda Cumaeva və başqaları ifa ediblər. Tamaşanın musiqi tərtibatçısı Özbəkistanda tanınan saz ifaçısı, soydaşımız İlham Abdullayevdir.
“Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə də səhnələşdirilib.
Əsər 1921-ci ildə Buxarada səhnələşdirilib. 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar musiqili komediyaya səhnə həyatı veriblər. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçılara təqdim edilib.
Üzeyir Hacıbəylinin ölməz əsəri yüz ildən artıqdır ki, Orta Asiyada ən məşhur tamaşa kimi səhnədən düşmür. Bir neçə il əvvəl Daşkənddəki Operetta Teatrı “Arşın mal alan”ı rus dilində tamaşaya hazırlayıb.