Ötən əsrin birinci yarısında bir çox türkoloq alimimiz repressiyaya məruz qalıb. Onlardan biri də bu sahədə yorulmadan çalışan ilk dilçi alimlərimizdən Abdulla Tağızadədir.

Abdulla Məhəmməd oğlu Tağızadə 17 mart 1897-ci ildə Gəncədə anadan olub. İbtidai məktəbi qurtardıqdan sonra təhsilini Gəncə gimnaziyasında davam etdirir. 1916-cı ildə gimnaziyanı müvəffəqiyyətlə başa vuraraq Moskva Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunur. Lakin bir il sonra Rusiyada inqilab baş verir və o, Gəncəyə qayıdır. Gənc Abdulla Vətəninin azadlığı uğrunda mübarizəyə qoşulur...

1919-cu ildə o, Azərbaycan Xalq Cümhuriyyətinin yeni yaratdığı Bakı Universitetinin (BDU) Tarix fakültəsinə daxil olur. Cümhuriyyətin Maarif Nazirliyi yanında yaradılan Əlifba komissiyasının tərkibində fəaliyyət göstərir. Bir müddət sonra Milli Orduda xidmət edir.

İlk respublikamız 1920-ci ildə süqut etdikdən sonra A.Tağızadə Maarif Komissarlığında texniki katib, “Qaçqınlar və əziyyət çəkənlərə kömək üçün  yaradılan xüsusi komissiya” sədrinin müavini, 1921-ci ildən Xalq Torpaq Komissarlığının “Əkinçi” jurnalında məsul katib işləyir.

Araşdırmalarda göstərilir ki, A.Tağızadə 1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının Məktəbdənkənar tərbiyə idarəsinə müdir müavini təyin olunur. Həmin il Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Əlifba Komitəsi yaradılır. O, komitəyə işə dəvət olunur. Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə, Xudadat bəy Məlikaslanov, Əhməd Pepinovla birgə komitənin rəhbər heyətinə seçilir. Yeni Əlifba Komitəsinin respublikanın bölgələrində, eləcə də Türküstanda, Tiflisdə, İrəvanda şöbələri yaradılır. 1924-cü ildə A.Tağızadə komitənin tövsiyəsi, Xalq Maarif Komissarlığının sərəncamı ilə Leninqrad (Sankt-Peterburq) Şərq Dilləri İnstitutuna oxumağa göndərilir. Eyni zamanda Leninqrad Dövlət Universitetinin Dil və mədəniyyət fakültəsinə daxil olur. 1925-ci ildə orada Bəkir Çobanzadə ilə tanış olur. Bu tanışlıq sonralar möhkəm dostluğa çevrilir. Bir müddət vətəndən uzaqda yaşasa da, o, Azərbaycan ziyalıları və milli təfəkkürlü insanlarla əlaqəsini kəsmir. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultaya qatılır.

Ali təhsili başa vurub aspiranturaya daxil olan A.Tağızadə 1928-ci ildə Azərbaycana dəvət olunur. O, Ümumittifaq Yeni Əlifba Komitəsinin “Kultura i pismennost Vostoka” toplusuna məsul katib təyin edilir. Eyni zamanda aspirantlara türk dilləri ilə bağlı mühazirələr oxuyur.

Tədqiqatçı Əli Şamil araşdırmasında yazır ki, A.Tağızadə 1930-cu ildə Ali Pedaqoji İnstitutun dosenti seçilir. O, dərs deməklə, tədris kitabları yazmaqla kifayətlənmir. Türk xalqlarının yaşadığı bölgələrdə keçirilən toplantılara, konfranslara qatılır. Azərbaycan Elmi Tədqiqat İnstitutunun Dil-ədəbiyyat və sənət şöbəsində elmi işçi, sonra isə Dilçilik və terminologiya şöbəsinin müdiri işləyir, “Türk-tatar dillərinin tarixi sərf-nəhvi” kitabını nəşr etdirir.

VIII-IX əsrlər qədim uyğur abidəsi “Huastuanift”in mətnini nəşrə hazırlayır, yazdığı ön sözdə abidə haqqında qiymətli fikirlər söyləyir. Həmçinin 692-693-cü illərdə yazıldığı ehtimal edilən Tonyuququn qəbirüstü abidəsi üzərindəki mətni çapa hazırlayır. “Qədim türk dilləri və yazılı abidələrinin öyrənilməsi üsulu və yolları”, “Dil haqqında elmin inkişaf tarixi”, “Azərbaycan dili və şivələrinin izahlı lüğəti”, habelə tanınmış özbək dilçisi Xalid Səid Xocayevlə birlikdə “Müxtəsər üslubiyyat” əsərlərini yazır.

30-cu illər repressiyaları türkologiyanın inkişafı üçün yorulmadan çalışan bu alimin də həyatını yarıda kəsir. A.Tağızadə 1937-ci ildə həbs olunur. İstintaq zamanı işgəncələr altında “Vahid Türk Tatar Dövləti” qurmaq istəyənlərin sırasında olduğunu etiraf edir və 12 yanvar 1938-ci ildə güllələnir.

Savalan FƏRƏCOV