ilk Azərbaycan hökumətini və ictimai-siyasi etiketlərini formalaşdırmış fenomen
Bu böyük şəxsiyyətin ictimai-siyasi xadimlik görəvlərini sadalamaqla qurtarmır; Çar Rusiyasında II Dövlət Dumasının deputatı, Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Nazirlər Şurasının sədri, daxili işlər naziri, ədliyyə naziri, xarici işlər naziri...
Cənubumuzun Xoy (sonralar Şimalımızın) sahibkar xanları nəslinə mənsub Fətəli xan 1875-ci il dekabrın 7-də Nuxa (Şəki) şəhərində anadan olub. Atası – Rusiya İmperiyasının kazak leyb-qvardiya alayının general-leytenantı İsgəndər xan Xoyski, ulu babası İran şahına məğlubiyyətdən sonra 20 minlik qoşunuyla Üçkilsəyə – Eçmiədzinə sığınmış, 1806-cı ildə imperator tərəfindən Şəki xanı təyin edilmiş Cəfərqulu xan...
Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa vurduqdan sonra qəbul olunduğu Moskva Dövlət Universitetinin Hüquq fakültəsini 1897-ci ildə (1-ci dərəcəli diplomla) bitirmiş Fətəli xan Tiflis məhkəmə palatası sədrinin əmrilə Yelizavetpol dairə məhkəməsinə göndərilib. Sonralar Suxumi, Batumi, Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə çalışıb, prokuror müavini təyin edilib, yuxarıda qeyd etdiyimiz kimi, Dövlət Dumasına deputat seçilib.
Həmin dövrlərin və bu ayıq-sayıq dövrandaşın – dini etiqadına görə şiə müsəlmanı olan və bu dini qəbul edib, öz xoşu ilə adını Ceyran yazdırmış Yevgeniya Vasilyevna ilə evlənmiş (uşaqları – Tamara, Murad, Ənvər) Fətəli xanın sosio-psixoloji aləmilə tanışlıq üçün, onun böyük imperiya daxilində əmək fəaliyyətinə başlarkən yazdığı “andiçmə”ni xatırlatmağı oxucularımızçün də (xüsusilə, mətndəki Quran və pravoslav kilsəsi “paraleli”ni) maraqlı hesab edirəm: “Müqəddəs Quranın, hər şeyə qadir Allahın qarşısında əlahəzrət imperatora sədaqətlə qulluq edəcəyimə, pravoslav kilsəsinə, dövlətə, cəmiyyətə, ailə və əxlaqa ziyan verəcək sözlər yazıb-söyləməyəcəyimə, üzərimə götürdüyüm öhdəlikləri şərəf və vicdanla yerinə yetirəcəyimə, mənə etimad göstərən insanların maraqlarını müdafiə edəcəyimə, hər şeyə görə qanunlar və İlahinin ədaləti qarşısında cavab verməli olduğumu xatırlayacağıma söz verir və and içirəm. Dediklərimin təsdiqi olaraq Quranın müqəddəs sətirlərini öpürəm. Amin.”
Lakin həm də Dövlət Dumasının iclaslarında “Müsəlman fraksiyası” adından dəfələrlə çıxış edərək çar Rusiyası əsarətindəki müsəlman-türk xalqların milli haqq və hüquqlarını müdafiə edən bu soydaşımız ucqarlardakı milli və dini ayrı-seçkilik ideologiyasına qarşı olması, Peterburqda toplanan Rusiya parlamentinin iclasındakı çıxışı ilə (müstəmləkəçilik siyasəti, xalqlara məhəlli muxtariyyət verilməsi və s.) imperiyanın “qara dəftəri”nə düşüb.
Və o öz milli dəftərimizdə
1918-ci il sentyabrın 15-də Türk və Azərbaycan dəstələrindən ibarət Qafqaz İslam Ordusu Bakıya daxil oldu və həmin ayın 17-də Azərbaycanın Tbilisidə elan olunub, Gəncədə ayaq üstə dayanmağa başlayan hökuməti bu şəhərə köçdü. Bakı paytaxt elan olundu. 1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin məruzəsindən sonra hökumət Cümhuriyyətin üçrəngli dövlət bayrağını təsdiq etdi. 1918-in 7 dekabrında Cümhuriyyət Parlamentinin açılışı oldu. Dekabrın 26-da Fətəli xan Xoyskinin başçılığı ilə üçüncü hökumət kabineti təsdiq olundu. O, hökumətdə iki vəzifəni – Baş nazir və xarici işlər naziri vəzifəsini daşıyırdı.
Bu fenomenal şəxsiyyətin həyatında “1917-1920-ci illər imzası” xüsusi yer tutur. 1917-ci ilin Fevral inqilabı bütün imperiyada ciddi dəyişikliklərlə müşayiət olundu. Belə bir siyasi dövrdə Azərbaycanda da milli ruhlu aydınların irəli çıxması, xalqı öz arxasınca aparması milli tale məsələsi idi və belə liderlərdən biri də Fətəli xan oldu.
O dövrlərdə –
mətbu səhifə və rəsmi dövlət sənədlərindəki qeydlərdən fraqmentlər:
“Qafqaz İslam Ordusu hissələrinin Bakıya daxil olduğu günün ertəsi (16 sentyabr) Azərbaycan hökuməti üzvləri bu şəhərə köçdü. Fətəli xan Xoyski sevinən müsəlmanları qarşılayaraq şəhərdə açıq avtomobildə gedirdi”. “F.Xoyski hökumət üzvlərinin neftlə bağlı qanunsuz əməllərilə əlaqədar istefa verdi”. “Xoyskinin başçılıq etdiyi hökumət türk ordusunun iyun-iyul aylarında Qafqaz müsəlman rayonlarının işğaldan qurtarmasını, sentyabrda Bakını azad etməsini əsl türk-müsəlman fəxarəti və bu xalqın hələ çox da alışıb-öyrəşmədiyi Avropa etiketlərilə alqışlayırdı”...
Bəlli olduğu kimi, Zaqafqaziya Seymi buraxıldıqdan sonra (26 may 1918) müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etməkçün fövqəladə iclasını çağırır. “Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurası” özünü Azərbaycan Milli Şurası elan edir. Milli Şuranın 28 may tarixli iclasında İstiqlal Bəyannaməsi qəbul olunur və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edilir. F.Xoyski 9 nəfərdən ibarət ilk müvəqqəti hökumətin sədri seçilir. O, ilk kabinetdə eyni zamanda daxili işlər naziri vəzifəsini tutur. Mayın 30-da, Nazirlər Şurasının sədri olaraq Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra dünya ölkələrinə radioqram göndərir.
O, 1918-ci il sentyabrın 15-də Bakının oyuncaq “Sentrokaspi” qüvvələrindən təmizlənməsi münasibətilə çıxışında deyirdi: “Bizim də azad yaşamağa hüququmuz var. Heç bir zirehli maşın, hidroplan, aeroplan, məftilli çəpər, mina və sair, heç bir qüvvə və havadarları tarixin təbii axarına mane ola bilməz”.
Lakin həmin günlər bizim ərazi taleyimizdə tarixi bir əyinti, böyük bir itki də baş verdi...
Bəli, 1918-ci il mayın 29-da Tiflisdə keçirilən Azərbaycan Milli Şurasının növbəti iclasında Xoyski sərhəd məsələsinə dair erməni şurası ilə apardıqları danışıqlar barədə məlumat verməli olur. Bu məruzədə ermənilərə “siyasi mərkəz” lazım olduğu, Aleksandropolun (Gümrü) Türkiyənin nəzarətinə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyi vurğulanır və Azərbaycan Milli Şurası İrəvanın Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul edir. Elə həmin gün (1918, 29 may) Baş nazir Xoyski xarici işlər naziri M.Hacınskiyə məktubunda yazır: “Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik” (!..)
Düzdür... bu addımın atıldığı dövrdə Azərbaycan Cümhuriyyətinin bir əsgəri belə yox idi, Bakı kimi mühüm sənaye, habelə siyasi mərkəzi və ölkənin şərq hissəsi bolşevik-daşnak birləşmələrinin nəzarəti altında idi (deməli, Azərbaycan Milli Şurası erməni milli şurasının bu təklifi qarşısında dirəniş göstərə bilmirdi). Necə ki, Fətəli xan parlamentdəki ilk çıxışında bunu dolayısıyla etiraf etmişdi: “Hökumətimiz öylə bir zamanda təşəkkül etmişdi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi. Gecələr yatanda sabaha çıxmaq ümidi yox idi. Heç kəsin irzi, namusu, canı, malı əmniyyətdə deyildi…”
Ancaq, yenə LAKİN! Min təəssüflər ki, həmin protokol bizim ulu, müqəddəs İrəvanımızı Yerevanlaşdırdı!..
Tarixi sənədlərə görə, ilk Azərbaycan hökumətinin ilk Baş naziri hədsiz qətiyyətliliyilə də seçilib. Məsələn, o, 1920-ci ilin yanvarında RSFSR-in xarici işlər komissarı Çiçerinin ağqvardiyaçı Denikinə qarşı vahid cəbhə yaratmaq haqda notasını “Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır” məzmunlu məktubla cavablandırıb. O, Azərbaycanı RSFSR ilə əməkdaşlığa dəvət edən ikinci notanı da rədd edir. Sonra eyni məzmunlu üçüncü nota və eyni məzmunlu üçüncü cavab. Daha sonra sonuncu nota və... aprelin 27-də Xoyski Azərbaycan Parlamentində sonuncu rədd cavab notasını oxuyarkən XI Qızıl Ordunun Bakıya yaxınlaşması xəbəri...
1920-ci ilin aprel işğalından sonra Azərbaycanın görkəmli dövlət qurucuları Vətəni tərk etmək məcburiyyətində qaldılar – hələ bolşeviklər tərəfindən işğal edilməmiş Gürcüstana getmək qərarına gələnlər də oldu; orada siyasi fəaliyyətlərini davam etdirmək, Azərbaycanın azadlıq və bütövlüyü üçün çalışmaq düşüncələrilə...
Fətəli xan Xoyski bir müddət sonra oradakı bolşeviklər tərəfindən (ailəsilə birlikdə) təqib olunmağa başlanıb. Məlum “Daşnaksütyun”un Azərbaycanın adlı-şanlı oğullarını qapsayan “hədəf siyahısı”nın ilk qurbanı olub; iyunun 19-da “İrəvan meydanı”nda Erkanyan və Qriqoryan cütlüyünün qoşa atəşlərilə kürəyindən güllələnib və o şəhərdəki müsəlman qəbiristanlığında dəfn olunub...
Uzun müddət qaçılmaz siyasi unutqanlığa mübtəla olmuş o məzar 76 il sonra (22 il öncə) Azərbaycan Prezidenti Heydər Əliyevin nitqində –
Belə qutlandı:
“Hörmətli gürcü qardaşlarımız, bacılarımız!
Biz indi təbiətin gürcü xalqına bəxş etdiyi ən gözəl guşələrdən birində – Tbilisi Nəbatat bağındayıq. Burada Azərbaycanın böyük övladları uyuyurlar; Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh və başqaları. Onlardan biri də Azərbaycanın görkəmli oğlu, böyük ictimai-siyasi və dövlət xadimi Fətəli xan Xoyskidir ki, bu an biz – onun xatirəsini əbədiləşdirməkçün gürcü qardaşlarımızla birlikdə təntənəli açılışını etdiyimiz məzarı üzərindəki büstü önündəyik.
Ötən əsrin əvvəllərində Cənubi Qafqazda çox böyük ictimai-siyasi proseslər gedərkən, gürcü və Azərbaycan xalqlarının öz milli azadlıqları uğrunda mübarizə prosesləri məhz burada, Tbilisidə baş vermiş, Azərbaycanın görkəmli şəxsiyyətləri, o cümlədən Fətəli xan Xoyski də burada çalışmış, böyük xidmətlər göstərmişdir.
İlk Azərbaycan Demokratik Respublikasının yaradıcıları 1918-ci il mayın 28-də məhz burada ilk ADR-in yaranmasını bütün dünyaya bəyan etmiş, ilk Azərbaycan Demokratik Respublikası rəhbərliyi bir müddət burada fəaliyyət göstərmiş, iyunda Gəncə şəhərinə və nəhayət, 1918-ci ilin sentyabrında Bakı şəhərinə köçə bilmişdir.
O ağır dövrdə ADR-in Baş naziri kimi çətin vəzifəni məhz Fətəli xan Xoyski öz üzərinə götürmüş və xalqımız qarşısında böyük xidmətlər göstərmişdir. Bu da bir tale işidir ki, 1918-ci ildə burada – Tbilisidə ADR-in Baş naziri vəzifəsinə seçilmiş Fətəli xan Xoyski 1920-ci ildə erməni terrorçularının gülləsindən məhz Tbilisidə həlak olaraq burada dəfn edilmişdir...
Azərbaycan xalqı gürcü xalqına bir də ona görə minnətdardır və daim minnətdar olacaq ki, bu kimi görkəmli şəxsiyyətlərimizin məzarlarını on illərdir burada qoruyub saxlamaqda və bunu davam etdirməkdədir.
Heç şübhə etmirəm ki, bu yer, bu guşə xalqımız üçün və o cümlədən qədirbilən gürcü qardaşlarımız üçün ziyarətgah olacaqdır, Gürcüstan ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələrinin daimi rəmzi olacaqdır.
Mən Azərbaycanın burada uyuyan bu görkəmli şəxsiyyətlərinin ruhları qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Azərbaycan və gürcü xalqlarına dövlət müstəqilliklərinin möhkəmləndirilməsində nailiyyətlər, xoşbəxtlik, bütün işlərində uğurlar arzulayıram”.
Daha bir xatirə
Böyük Üzeyir bəy Hacıbəyli qələmindən:
“Yeni vücuda gəlmiş Azərbaycan hökumətinin birinci rəisi-vüzərası olmaqla Azərbaycan tarixində mühüm mövqe tutmuş Fətəli xan həzrətləri bu yeni dövlətin vəziyyətini taxta parçalarından əmələ gəlmiş bir gəmiyə bənzədir ki, bu kimi fırtınalı bir gündə dərya üzərində hər saat, hər an dağa-daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşısında qalmış, bütün ümidini gəmiçinin istedad və məharətinə bağlamışdı…
Bu zəif gəmini bu fırtınalı gündə dağ-daşın arasından salamat keçirmək və sahili-nicata çıxarmaq kimi çətinliyi Fətəli xan həzrətləri öz boynuna götürməyi qəbul etdi və gəmisini kamali-ehtiyat və ehtimal ilə sahili-nicata çıxarmaqda, fırtına sakit olana qədər dağa-daşa vurmayıb bunların arasından keçirməkdə böyük ustalıq və məharət göstərdi”...
Tahir ABBASLI