Azərbaycanın Xalq artisti Yusif Eyvazov iyulun 5-də Parisdə Bastiliya Opera Teatrının səhnəsində Cüzeppe Verdinin “Trubadur” operasında çıxış edib. Vokalçı səhnə əsərində Manrikonun partiyasını ifa edib. Sənətçimiz iyulun 11-də bu rolda yenidən Bastiliya səhnəsinə çıxacaq.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb.
* * *
İyulun 13-dən 23-dək Santyaqoda, Çili Milli Opera Teatrının səhnəsində təqdim olunacaq Cakomo Puççininin “Toska” operasında isə Azərbaycanın Xalq artisti Elçin Əzizov rol alıb. O, səhnə əsərində Baron Skarpianın partiyasını ifa edəcək.
2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.