Şəkidə ənənəvi beynəlxalq musiqi festivalı keçirilib
Xəbər verdiyimiz kimi, iyunun 27-dən iyulun 1-dək Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə ənənəvi musiqi bayramı – “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı keçirilib.
2010-cu ildə əsası qoyulan “İpək Yolu” festivalı hər il müxtəlif ölkələrdən rəngarəng musiqi və rəqs kollektivlərini bir araya gətirir. Budəfəki festivala Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan tanınmış qruplar və ifaçılar qatılıb.
Festivalın açılış günü Şəkidəki “Marxal” müalicə-istirahət kompleksinin Yay teatrında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi hərbi orkestri (bədii rəhbər və dirijor – mayor Səməd Vəkilov) çıxış etmişdi.
İyunun 28-də Şəki xanları sarayının həyətində festivalın ev sahibinin – Şəkinin “Zirvə” ansamblının konserti maraqla qarşılanıb. Proqramda unudulmaz bəstəkar Emin Sabitoğlunun mahnıları səsləndirilib.
Tədbirdə məlumat verilib ki, “Zirvə” instrumental ansamblı 1972-ci ildə Şəkidəki Mirzə Fətəli Axundzadə adına Mərkəzi mədəniyyət evinin nəzdində yaradılıb. Kollektiv respublikanın şəhər və rayonlarında, habelə keçmiş sovet respublikalarında konsertlər verib, festivalların iştirakçısı olub. Hazırda ansambla Şəkinin tanınmış musiqiçilərindən Eldar Rəcəbov rəhbərlik edir.
Festivalın xatirə simvolunu kollektivə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təqdim edib.
Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert
İyunun 28-də festivalın növbəti konserti görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr edilib. “Marxal” istirahət kompleksinin Yay teatrında təşkil olunan konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Teymur Göyçayev) çıxış edib.
Konsertdən əvvəl məlumat verilib ki, kamera orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti Nazim Rzayev olub. Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox məşhur səhnələrində çıxış edib, nüfuzlu beynəlxalq festivalların iştirakçısı olub. Kollektivə 1998-ci ildən Teymur Göyçayev rəhbərlik edir.
Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, xalq mahnıları ifa olunub. Orkestrin çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Sonda kollektivə festivalın simvolu təqdim olunub.
Macarıstanın rəqs duetinin çıxışı
Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının üçüncü günü, iyunun 29-da Macarıstanın rəqs dueti – Hajdara-Herczeg Hajnalka və Hajdara Tamas sənətsevərlərin qarşısına çıxıb.
Məlumat verilib ki, Hajdara-Herczeg Hajnalka və Hajdara Tamas Macarıstanda keçirilən xalq rəqs və musiqisi ifaçıları festivalının qalibidir, “Xalq yaradıcılığının gənc sənətkarı” fəxri adına layiq görülüblər.
Rəqqasları əsasən Macarıstanın xalq musiqisi sənəti üzrə “Magos” orkestri müşayiət edir. 2008-ci ildə yaradılmış kollektiv əsasən Transilvaniya və Dunayətrafı bölgələrdə yaşayan xalqlara mənsub musiqini ifa edir.
Rəqs duetinin və musiqi qrupunun ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim edilib.
“Yuxarı Karvansaray”ın həyətində “Əsli və Kərəm”
İyunun 29-da axşam “Yuxarı Karvansaray” mehmanxana-kompleksində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” muğam operası açıq havada nümayiş olunub.
Tamaşaya Əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib, dirijor və xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Əməkdar artist Elxan Mansurovdur (tar). Əsli obrazını Rəvanə Əmiraslanlı, Kərəm obrazını isə Əməkdar artist Elnur Zeynalov canlandırıblar. Operada, həmçinin Opera və Balet Teatrının xoru və solistləri iştirak ediblər.
Tamaşadan əvvəl məlumat verilib ki, Üzeyir Hacıbəyli “Əsli və Kərəm” muğam operasını xalq dastanının motivləri əsasında yazıb, əsərin librettosu bəstəkarın özünə məxsusdur.
Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev “İpək Yolu” festivalında artıq bir neçə dəfə iştirak etdiklərini, ötən illərdə sənətsevərlərə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasını, “Arşın mal alan” operettasını, Müslüm Maqomayevin “Şah İsmayıl” operasını, Qara Qarayevin “Yeddi gözəl” baletini təqdim etdiklərini deyib: “Bu dəfə tamaşaçılar Üzeyir Hacıbəylinin daha bir əsərini – “Əsli və Kərəm” muğam operasını maraqla izlədilər”.
Rusiyalı bayan ifaçılarının konserti
“İpək Yolu” festivalı çərçivəsində iyunun 30-da axşam saatlarında musiqisevərlərə Rusiyadan gəlmiş “Sib-Duo” bayan ifaçılarının konserti təqdim olunub.
Musiqisevərlərin, həmçinin “Marxal” istirahət kompleksində dincələn yerli və xarici qonaqların maraqla izlədiyi konsertin əvvəlində məlumat verilib ki, Rusiyanın uzaq Sibir bölgəsindən gəlmiş bayan ifaçıları Aleksandr Sirotkin və Andrey Bityutskix bir çox beynəlxalq müsabiqələrin laureatlarıdır. Qrupun repertuarına dünya bəstəkarlarının əsərləri, xalq melodiyaları, rus klassik, müasir estrada və caz musiqisi daxildir. İfaçılar rus xalq çalğı alətləri, simfonik orkestr, kamera-instrumental tərkibli kollektivlər və solistlərlə əməkdaşlıq edir. Bu istedadlı, enerjili və virtuoz musiqiçilərin hər konserti tamaşaçıların qəlbində səmimi heyranlıq tapır. Aleksandr Sirotkin və Andrey Bityutskixin budəfəki çıxışı da alqışlar doğurub.
Sonda musiqi qrupuna festivalın simvolu təqdim olunub.
Qazaxıstanın mahnı və rəqs ansamblı “İpək Yolu”nun qonağıdır
Festivalın dördüncü günü, iyunun 30-da axşam səhnəyə Qazaxıstanın Atırau Dövlət Filarmoniyasının “Murager” mahnı və rəqs ansamblı çıxıb.
“Murager” ansamblı 2004-cü ildə Qazaxıstanın Atırau şəhərindəki M.Utemisov adına Dram Teatrının nəzdində yaranıb. Ansambl 2006-cı ildən Atırau Dövlət Filarmoniyasında Erjan Kitarovun bədii rəhbərliyi ilə fəaliyyət göstərir. İsrail, Hindistan, Misir, Türkiyə, Qətər, Portuqaliyada keçirilən beynəlxalq festivallarda uğurla çıxış edən ansamblın repertuarına qazax xalq mahnıları ilə yanaşı, yerli və xarici bəstəkarların əsərləri də daxildir. Kollektivi fərqləndirən xüsusiyyətlərdən biri folklor nümunələrini müasir interpretasiyada təqdim etməsi və gənclərdə qədim qazax musiqisinə maraq oyatmasıdır.
“Murager” ansamblının Şəkidə təqdim etdiyi musiqi nömrələri də tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
TRT Radiosunun solist və ansamblının musiqi axşamı
“İpək Yolu” festivalının sonuncu günündə - iyulun 1-də günorta saatlarında tamaşaçılar Türkiyənin Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Şəkiyə gələn TRT-nin Ankara və İstanbul Radiosunun solist və ansamblının konsertini izləyiblər.
Şəki xanları sarayının həyətində təşkil edilən tədbirdə Türkiyənin Şəki ilə qardaşlaşmış Konya şəhər Meram bələdiyyəsinin nümayəndə heyəti də iştirak edib.
Ansamblın solisti İmran Koçun türk və Azərbaycan dillərində ifa etdiyi xalq mahnılarından ibarət musiqi çələngi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertdə müğənni bağlama musiqi alətində Cumali Kalkan və Okyay Kosegil, kamanda Cafer Nazlıbaş, ritm alətində Cemal Kablan tərəfindən müşayiət olunub.
Konsertin sonunda təşkilatçılar adından kollektivə festivalın simvolu təqdim edilib.
Festivalın bağlanış mərasimi
Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı iyulun 1-də uğurla başa çatıb.
Beş gün ərzində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qruplarının, həmçinin Azərbaycanın teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər. Festivalın “Marxal” istirahət kompleksinin Yay teatrında keçirilən son konserti Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 25 illiyinə həsr olunub.
Gecədə TÜRKSOY-a üzv ölkələrdən olan solistlərin iştirakı ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor - Xalq artisti Ağaverdi Paşayev) və Qazaxıstanın Atırau Dövlət Filarmoniyasının “Murager” mahnı və rəqs ansamblı birgə konsert proqramı ilə çıxış edib.
Məlumat verilib ki, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 2000-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının nəzdində yaradılıb. Orkestr 2004, 2005 və 2010-cu illərdə Tehranda keçirilən ənənəvi “Fəcr” beynəlxalq musiqi festivalının mükafatına layiq görülüb.
Konsertdə orkestrin solistlərinin, həmçinin Rusiya Federasiyasının Başqırdıstan və Tuva respublikalarından Azat Bikçurin və Borbak-Ool Salçak, Qırğızıstandan Aynur Berdikulova, Türkiyədən Çiğdem Gürdal, Özbəkistandan Alişer və Gavhar Otajonovların təqdim etdiyi musiqi nömrələri, xalq mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Konsert proqramı başa çatdıqdan sonra festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin, həmçinin festivalın bağlanış konsertinin təşkilinə göstərdiyi dəstəyə görə TÜRKSOY-un rəhbərliyinə təşəkkürünü bildirib.
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayevə festivalın simvolu təqdim olunub.
Sonra Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının təsis etdiyi Üzeyir Hacıbəyli xatirə medalını Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova və TÜRKSOY-un baş katibi Düsen Kaseinova təqdim edib.
Elxan Usubov Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara minnətdarlığını ifadə edib.
Düsen Kaseinov “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının Türk dünyasında keçirilən ən önəmli festivallardan biri olduğunu vurğulayıb.
Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.