Bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət proqram
İyulun 3-də Türkiyənin ölkəmizdəki səfirliyinin Nuru paşa adına konsert salonunda əməkdar incəsənət xadimləri Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.
Tədbirdə Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Konsertdə öncə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Konsertin iştirakçılarına təşəkkürünü bildirən diplomat hər iki bəstəkara yaradıcılığında uğurlar arzu edib.
Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova bəstəkarların yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Ceyhun və Vasif qardaşları müasir Azərbaycan bəstəkarlıq məktəbinin layiqli təmsilçiləridir. Böyük məktəb keçiblər. Hər iki bəstəkarın əsərləri ölkəmizi ən ali səviyyədə təmsil etməyə layiqdir. Onlar musiqinin istənilən janrında özlərini tam rahat hiss edirlər. Mahnı və romanslarında dərin məzmuna meyil edən hər iki bəstəkar musiqinin simfonik xəttinə peşəkarcasına yanaşırlar. Onların əsərlərində, həmçinin türkçülük məfkurəsi hiss edilir.
Sonra konsert proqramı təqdim olunub. Konsertdə solistləri Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Xəzər Universitetinin kamera orkestri müşayiət edib.