Gürcüstanın Batumi və Kobuleti şəhərlərində “Dəniz harmoniyası” adlı ənənəvi beynəlxalq folklor festival-müsabiqəsi keçirilib. Festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Binəqədi Mərkəzi Mədəniyyət evinin “Köhnə Bakı” rəqs qrupunun üzvləri təmsil edib.
İdarədən bildirilib ki, qrupun təqdimatında milli rəqslərimiz xarici tamaşaçıların böyük marağına səbəb olub və onlarda yaddaqalan xoş təəssürat yaradıb.
Festival-müsabiqəyə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Latviya və İndoneziyadan 50-dən çox kollektiv qatılıb. Qaliblər beynəlxalq dərəcəli, peşəkar xoreoqraflardan ibarət münsiflər heyəti tərəfindən seçilib.
İyulun 3-də keçirilən yekun qala-konsertdə ölkəmizi təmsil edən “Köhnə Bakı” rəqs qrupu “Ən yaxşı milli rəqs” nominasiyasında 3-cü yerə, vokal nominasiyasında isə müğənni Əli Quliyev xüsusi medal və diploma layiq görülüblər.
Qara dəniz sahilində təşkil olunan ənənəvi festival-müsabiqə müxtəlif ölkələrin təhsil ocaqlarının folklor musiqisi və milli rəqslərini ifa edən qrup və ansamblları bir araya gətirir.