Qırğızıstanın paytaxtı Bişkekdə “TENGRI Music - 2018” IV Beynəlxalq Klassik Musiqi Festivalı keçirilib. Hər il Bişkekin Qələbə parkında açıq səma altında düzənlənən festivala Rusiya, Ukrayna və Özbəkistandan musiqi kollektivləri və ifaçılar qatılıb.
Konsertdə ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının gənc və istedadlı dirijoru, beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov təmsil edib. Layihənin təşkilatçılarından “Prima” fondunun rəhbəri Viktoriya Yurtayevanın xüsusi dəvəti ilə festivalda iştirak edən gənc dirijor Q.Qarayevin “Yeddi gözəl” baleti, C.Verdinin ‘’Traviata” və J.Offenbaxın “Hoffmanın hekayələri” əsərlərindən seçmələrə dirijorluq edib.
2017-ci ildə Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən Orxan Həşimov 2015-ci ildə Moskvada “Musical Art” müsabiqəsində diploma layiq görülüb, həmin il Budapeştdə Antal Dorati adına beynəlxalq dirijorluq müsabiqəsində I yeri qazanıb.
Gənc dirijor Azərbaycan Dövlət Musiqili Teatrında çalışmaqla bərabər, Moskva Konservatoriyasının Simfonik orkestri, konservatoriyanın Opera Teatrının Simfonik orkestri, Polşanın Qdansk şəhərində F.Şopen adına Polşa-Baltik Simfonik orkestri və Budapeşt MAV simfonik orkestri ilə əməkdaşlıq edir.