Azərbaycanın ilk inklüziv teatr kollektivi olan “ƏSA” teatrı iyulun 7-də Dövlət Akademik Opera və Balet Teatrında mövsümün son premyerasını təqdim edib.

Nümayişdən əvvəl səhnəyə çıxan teatrın rəhbəri Nihad Qulamzadə tamaşa haqqında məlumat verib. Bildirib ki, mütəfəkkir dramaturq Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” pyesinin motivləri əsasında səhnəyə qoyulan tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə hazırlanıb.

Qeyd edilib ki, “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Tamaşaçılar premyerada dramaturqun ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda tamaşanı izləyəcəklər.

Sonra səhnə əsəri nümayiş olunub.

Tamaşa Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə ərsəyə gəlib. Quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, quruluşçu rəssamı Vüsal Rəhim, işıq rəssamı Binyamin Sailov, qrafik dizayner Vəfa Hacıoğlu, surdo (işarət dili) tərcüməçisi Nuranə Abıyevadır.