ABŞ-ın İndiana ştatının Karmel şəhərində Gənc pianoçuların beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqə “Musiqi aləminə sehrli səyahət” uşaq fortepiano kitabının müəllifi, tanınmış pedaqoq İrina Qorin və Liz Zeydelin təşəbbüsü ilə şəhərin “Palladium” incəsənət mərkəzində təşkil olunub.
Bu il 5 illiyini qeyd edən yarışma müxtəlif ölkələrdən 200 gənc musiqiçini bir araya gətirib. Solo, ansambl ifası, konsert ifası və müasir musiqi kateqoriyalarında keçirilən müsabiqədə Avropa, Asiya, Latın Amerikası və ABŞ-dan gəlmiş ifaçılar öz məharətlərini nümayiş etdiriblər.
“Karmel Klavir” bu ildən Azərbaycan-Amerika Musiqi Fondu ilə də əməkdaşlıq edir. İrina Qorinin rəhbəri olduğu təşkilat komitəsi dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin fortepiano üçün əsərlərini müsabiqənin proqramına salmağı təklif edib. Azərbaycan-Amerika Musiqi Fondu təklifi məmnuniyyətlə qəbul edib.
Təşkilat komitəsinin iclasında Qara Qarayevin fortepiano üçün seçilmiş əsərlərinin Amerika nəşrini təqdim etmək qərara alınıb. İfaçılıq sənəti doktoru Cəmilə Cavadova-Spitsberq tərəfindən hazırlanan nəşrin baş redaktoru bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırovadır.
Qara Qarayevin 100 illik yubileyi bu il ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur. Bu baxımdan bəstəkarın fortepiano üçün əsərlərinin müsabiqənin proqramına daxil edilməsi xüsusilə əlamətdardır. Bu münasibətlə xüsusi mükafat təsis edilib və bəstəkarın qızının imzası ilə ifa sənətində yüksək uğurlara görə “Qarayev-Karmel Klavir 2018” sertifikatı hazırlanıb. Mükafatların sponsorları Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan-Amerika Musiqi Fondudur.
Yeddi ifaçı – Minerva Tsao (9 yaş), İsaak Tsyan (10 yaş), Ceyson Yanq (11 yaş), Mayk Yanq (12 yaş), Şan Makdonald (13 yaş), Mira Tszyan və Uliyam Templ (15 yaş) Qara Qarayevin əsərlərinin ən yaxşı ifası uğrunda yarışıblar. Münsiflər heyətinə Piter Takaç, Pavel Çeçinski, Patrik Lexner, Çen Vay, Avriam Reyhert və digər tanınmış pianoçu və pedaqoqlar daxil olub.
İştirakçıların hər birinə “Qarayev-Karmel Klavir 2018” sertifikatı təqdim edilib. Birinci mükafatın sahibi “Unudulmuş vals”ı ifa edən İsaak Tsyan olub. İkinci və üçüncü yerlərə Şan Makdonald və Minerva Tsao layiq görülüblər. Onların ifasında “Polka” və “Şən oyun” əsərləri səslənib. Müsabiqənin digər dörd iştirakçısına fəxri fərman və hədiyyələr təqdim edilib.