Astana Milli Opera və Balet Teatrında 11-ci “Astana-Arkau” ənənəvi türk musiqisi festivalı keçirilib. Ənənəvi festival Astananın paytaxt elan olunmasının 20 illiyi münasibətilə təşkil edilib.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə türk dünyasının inteqrasiyası konsepsiyasının reallaşdırılması çərçivəsində keçirilən festivalda Azərbaycan, İran, Rusiya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Monqolustan, Çin və digər ölkələrin musiqi qrupları iştirak ediblər.
Sənət bayramına azsaylı türkdilli xalqların ifaçıları da qatılıblar. İştirakçıların ifa etdikləri musiqi əsərləri həmin xalqların adətlərində və müxtəlif milli ayinlərində istifadə olunur.
Azərbaycan ifaçıları festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və ölkəmizin Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə iştirak ediblər.
Tədbirin açılışında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın müraciəti oxunub.
Müraciətdə deyilir: “Festival mədəni, yaradıcı və dostluq əlaqələrinin inkişafına töhfə verməklə yanaşı, həm də bütün türk dünyasında əhəmiyyətli musiqi hadisəsidir. Bu gözəl platformada müxtəlif ölkələrin musiqiçiləri bir araya gələrək türk dünyasının ənənələri, tarixi, mədəniyyəti və folkloru haqqında geniş təsəvvür yaradırlar. Belə ənənəvi festivallar insanların genetik yaddaşındakı türk dünyasının nadir etnik musiqisinin qorunmasına kömək edir. Bu baxımdan əsrlər boyu əcdadlarımızın meydana gətirdiyi bu mədəni zənginliyi gələcək nəsillərə çatdırmaq lazımdır. Bu istiqamətdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan, Türkiyə, Qazaxıstan, o cümlədən Qırğızıstan ilə uğurla və səmərəli əməkdaşlıq edir. Türk xalqlarının tarixi və mədəni irsi dünyada layiqli yer tutur və bu baxımdan yeni layihələr həyata keçiriləcək”.
Festivalda ölkəmizi tarda Sahib Paşazadə və nağarada Kamran Kərimov təmsil edib. Azərbaycan muğamı tamaşaçılarda böyük maraq oyadıb.