Azərbaycanda xalçaçılığın geniş şəbəkəsinin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyan “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Biləsuvar, Lənkəran, Qobustan rayonlarında xalça istehsalı emalatxanalarının tikintisini davam etdirir.
“Azərxalça”nın rəhbəri Vidadi Muradov bu günlərdə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün xalça istehsalı emalatxanasının tikinti işlərinin gedişi ilə tanış olub.
Məlumat verilib ki, bu ərazidə Cəbrayıl rayon sakinlərinin məskunlaşdığı 11 qəsəbə salınıb. Xalça emalatxanası 2 saylı qəsəbədə yaradılır. Tikintiyə bu ilin aprel ayında başlanılıb. Xalça istehsalı emalatxanasının bu ilin noyabr ayında təhvil verilməsi nəzərdə tutulur.
Bildirilib ki, məcburi köçkünlər arasında peşəkar xalçaçılar, ömrünü bu sənətə bağlayanlar vardır. Dövlət başçısının tapşırığı ilə həm Qarabağ qrupu Azərbaycan xalçalarını yaşatmaq, həm də o insanları işlə təmin etmək məqsədilə sərhəd bölgələrində, məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda xalça istehsalı emalatxanalarının tikilməsinə üstünlük verilir. “Azərxalça”nın ilk filialı Füzuli rayonunun Horadiz qəsəbəsində yaradılıb. Bundan sonra Ağdam rayonunun Quzanlı qəsəbəsində xalça emalatxanası fəaliyyətə başlayıb. Gələn il Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində “Azərxalça”nın Xocalı, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində isə Laçın filialları yaradılacaq.