Əlyazmalar İnstitutunda görüş
Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunun direktoru Davud Orazsahedov, Türkmənistan Ədəbiyyat İnstitutu direktorunun müavini Hezretqulu Durdjiyev və bu ölkənin Azərbaycandakı səfiri Mekan İşanquliyev AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Görüşdə institut direktorunun elmi işlər üzrə müavini Aybəniz Əliyeva-Kəngərli elmi qurumun yaranması, keçdiyi tarixi yol və fəaliyyət istiqamətləri barədə məlumat verib.
O, institutda saxlanılan əlyazmaların elektron kataloqlarının hazırlanması və bunun sayəsində yaxın vaxtlarda istənilən ölkədən Azərbaycan əlyazmaları ilə tanışlığın mümkün ola biləcəyini söyləyib. O, bu işin ən çətin və mürəkkəb hissəsinin başa çatdığını bildirib.
İnstitut direktorunun elmi işlər üzrə müavini Paşa Kərimov əlyazmaların saxlanılması, mühafizəsi və bərpası istiqamətində görülən işlərdən, institutda fəaliyyət göstərən şöbələrin işindən danışıb.
Görüşdə Türkmənistan nümayəndələri ilə gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.