Məşhur serb rejissoru və aktyoru Emir Kusturitsa Qazaxıstanda film çəkməyi planlaşdırır. O, növbəti ekran əsəri üçün ünlü qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığına müraciət edəcək. Rejissor bu barədə Astanada keçirilən “Avrasiya” kinofestivalındakı görüşdə məlumat verib.
Emir Kusturitsa söyləyib ki, Çingiz Aytmatov onun sevimli müəlliflərindən biridir. Lakin o, Aytmatovun hansı əsərini seçdiyini və filmin çəkilişlərinin nə zaman başlayacağını dəqiqləşdirməyib.
İlk dəfə gəldiyi Astana şəhərini çox bəyənmiş rejissor müasir kinematoqrafdakı böhran barədə də düşündüklərini bölüşüb. Onun dediyinə görə, hazırda ekrana çıxan filmlərin 90 faizi zəifdir. Müasir kinoda iki janrın – realizm prinsipləri əsasında çəkilən və fantastika filmlərinin mövcud olduğunu deyən Kusturitsanın fikrincə, kino bazarındakı hədsiz bolluq kinematoqrafiyanı məhv edir.