Rusiya Federasiyası Saxa-Yakutiya Respublikasının birləşmiş xoru Cənubi Koreyanın iri şəhərlərində ilk qastrol konsertləri ilə çıxış edir. Kollektivə Saxa-Yakutiya Ali Musiqi Məktəbinin beynəlxalq əlaqələr üzrə prorektoru No Te Çol rəhbərlik edir. Xorun heyəti respublikadakı sənət yönlü ali və orta ixtisas məktəblərinin tələbə və müəllimlərindən toplanıb.

Coğrafi və mədəni yaxınlığa baxmayaraq, Cənubi Koreyada Yakutiya və yakut mədəniyyəti barədə kimsə heç nə bilmir. Buna görə də, layihənin və birləşmiş xorun rəhbəri maestro No Te Çol ümid edir ki, bu səfər Rusiyanın nəhəng regionu ilə Uzaq Şərq ölkəsi arasında uğurlu əməkdaşlığın təməlini qoyacaq.

Xorun repertuarı isə çox genişdir - İtaliya, Koreya bəstəkarlarının əsərlərindən rus, yakut xalq mahnılarınadək, həmçinin artıq klassikaya çevrilmiş sovet estrada musiqisi kimi fərqli zövqləri oxşayacaq nəğmələr konsertlərdə ifa edilir.

Cənubi Koreyadan sonra kollektivin Çin, Yaponiya və Qırğızıstana, eləcə də Rusiyanın böyük şəhərlərinə qastrolu nəzərdə tutulur.