AMEA-da daha bir beynəlxalq elmi konfrans

 

Məlum olduğu kimi, Türk dünyasının böyük alimi və mütəfəkkiri Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO-nun 2024–2025-ci illər üzrə yubileylər proqramına daxil edilib. Yubiley münasibətilə ölkəmizin elm ocaqlarında da tədbirlər təşkil olunur.

İyunun 28-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Mahmud Kaşğari “Divanü lüğat-it-türk” – 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türk dünyasının ən qiymətli kitablarından biri olan “Divanü lüğat-it-türk” əsərinin Azərbaycanda çap edilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirib. O, ana dilimizdə işıq üzü görən qaynağın bundan sonra daha geniş tədqiqat obyektinə çevriləcəyini vurğulayıb.

1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın keçirildiyini xatırladan akademik bildirib ki, qurultayda türkoloji elmi-mədəni mühitin aktual məsələlərinə toxunulub, latın qrafikalı əlifbaya keçidlə bağlı qərar qəbul edilib. O, türk dövlətlərinin ortaq əlifbasının yaradılması, türkoloji elmlər sisteminin inkişaf etdirilməsi kimi məsələləri 2026-cı ildə keçirilməsi nəzərdə tutulan İkinci Türkoloji Qurultaya töhfə kimi dəyərləndirib.

AMEA prezidenti “Divanü lüğat-it-türk” əsərinin ilk dəfə ərəb dilindən Azərbaycan dilinə özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayev tərəfindən tərcümə edildiyini diqqətə çatdırıb. Bildirib ki, Xalid Səid Xocayev bu kitabın tərcüməsinə görə “əks-inqilabi pantürkist təşkilatın üzvü” ittihamı ilə 1937-ci ildə repressiya edildikdən sonra bu tərcümə də itmiş hesab olunurdu. Əsər 86 il sonra – 2023-cü ildə Dilçilik İnstitutunun arxivindən tapılıb və nəşr edilib.

Mart ayında ADA Universitetində kitabın təqdimatının keçirildiyini, iyun ayında Qırğızıstanın Bişkek şəhərində “Yazılışının 950-ci ildönümündə “Divanü lüğat-it türk: Türk dünyasının ortaq dəyəri” mövzusunda beynəlxalq konfransın təşkil olunduğunu deyən AMEA rəhbəri dekabrda “Divanü lüğat-it-türk”ün 950 illik yubileyinin UNESCO səviyyəsində qeyd olunacağını bildirib.

Daha sonra çıxış edən Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Divanü lüğat-it-türk” əsərini Türk dünyası ilə bağlı möhtəşəm yazılı abidə kimi xarakterizə edib.  Bildirib ki, kitabda XI əsrdə türklərin yaşaması haqqında məlumatlar yer alıb, bugünkü türk xalqlarının tarixi geniş əks olunub. Əsər türk dillərinin qrammatikası, zamanın ensiklopediyasıdır. Direktor kitabın tərcüməsini Azərbaycan türkologiyasının tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib.

Diqqətə çatdırılıb ki, Mahmud Kaşğari “Divanü lüğat-it-türk” ensiklopediyasında türksoylu xalqların dil-ağız özəlliklərini, ləhcələrini, milli-mədəni varlığını toplayıb, dövrünə uyğun qrammatika və yazı qaydalarını müəyyənləşdirib. Bu yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verən dialektoloji-etnoloji kitabdır.

Türk Dil Qurumunun rəhbəri professor Osman Mert və Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru professor Bahrom Abduxalimov çıxış edərək “Divanü lüğat-it-türk”ü keçmişimizi, dilimizi, kimliyimizi, tariximizi öyrənmək baxımından qiymətli əsər kimi səciyyələndiriblər.

Sonra akademik Nizami Cəfərovun, professorlar Mahirə Hüseynova və İsmayıl Kazımovun mövzu ilə bağlı məruzələri dinlənilib.

Konfransda şair-tərcüməçi Elxan Zal Qaraxanlı, ədəbiyyatşünas Əsəd Cahangir və başqaları da çıxış ediblər.