Ötən həftə Qazaxıstan paytaxtı, 20 yaşlı Astana XIV Beynəlxalq “Avrasiya”  kinofestivalına ev sahibliyi edib.

Festivalın saytında yer alan məlumata görə, bu il populyar fransız aktyoru Vensan Kassel, serb kinorejissoru Emir Kusturitsa, 71-ci Kann kinofestivalında “Ən yaxşı qadın rolu” mükafatını qazanmış qazax aktrisa Samal Eslyamova, özbək mənşəli Rusiya kino və teatr aktrisası Rovşanə Kurkova, eləcə də müxtəlif ölkələrdən tanınmış kino tənqidçi və ekspertləri “Avrasiya”nın qonağı olublar. 

Əsas müsabiqə proqramının Qran-pri mükafatını M.Qarel Vaysın (Fransa) “Məclis bitdi” filmi qazanıb. Milko Lazarovun “Ağa” (Bolqarıstan, Almaniya, Fransa) filmi “Ən yaxşı rejissor işi”nə görə fərqlənib. Kərim Mirhodiyev (“Səbat”, Özbəkistan) və Marta Kozlova (“Annanın savaşı”, Rusiya) ən yaxşı kişi və qadın roluna görə mükafatlandırılıblar. Qısametrajlı filmlər müsabiqəsində isə Suborna Senjutinin (Hindistan, Banqladeş) “Balıqların monoloqu” filmi əsas mükafatı qazanıb.

Qazaxıstan mətbuatı isə festivalın müsabiqədənkənar, xüsusilə də türkdilli ölkə və regionların filmlərinin toplandığı “Karvan” bölməsində maraqlı ekran əsərlərinin nümayiş olunduğunu vurğulayır. Ürəkaçan faktdır ki, Azərbaycan kinematoqrafçılarının “Hənnas” adlı ilk mistik trilleri də kino mütəxəssislərinin diqqətini cəlb edib. Filmin rejissoru və prodüseri Elvin Abdulla qardaş ölkədə verdiyi müsahibələrindən birində deyib: “Hənnas” ərəb dilində təxminən iblis deməkdir. Biz filmi çəkərkən onun hər hansı festivalda iştirak edəcəyi barədə düşünməmişdik. O, bizim üçün festival layihəsi yox, kommersiya layihəsi idi. Amma festivallar bizim filmə maraq göstərirlər. Yəqin əsas səbəb demək olar ki, bütün mistik trillerlərin xristian motivləri, “Hənnas”ın isə müsəlman düşüncəsi üzərində qurulmasındadır. Əlbəttə, din çox incə məsələdir, buna görə də film üzərində çalışarkən bu sahə üzrə mütəxəssisləri məsləhətçi kimi layihəyə cəlb etmişdik. Elə bu səbəbdən də film mənfi reaksiya ilə qarşılaşmır”.