Orta əsrlər Azərbaycan epik şeirinin tədqiqində Əməkdar elm xadimi, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın xüsusi xidmətləri var. O, eyni zamanda farsdilli ədəbiyyatımızın nəzəri-estetik problemlərinə dair sanballı tədqiqat əsərlərinin müəllifidir.
Azadə Cəfər qızı Rüstəmova 18 iyul 1932-ci ildə Bakıda anadan olub. 1947-ci ildə orta məktəbi qızıl medalla bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinə qəbul olunur. 1953-1956-cı illərdə Moskva Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alır. Görkəmli şərqşünas, SSRİ EA-nın müxbir üzvü Y.E.Bertelsin elmi rəhbərliyi altında Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması mövzusunda namizədlik dissertasiyası müdafiə edir.
Bakıya qayıdan gənc alim Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyətə başlayır. 1971-ci ildə “XII-XVII əsrlərdə Azərbaycan epik şeirinin inkişaf yolları” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Alim uzun illər institutun Orta əsrlər Azərbaycan ədəbiyyatı və Nizamişünaslıq şöbələrinə rəhbərlik edib.
Azadə Rüstəmova tədqiqatlarında Orta əsrlər ədəbi təmayüllərini araşdırarkən mövzuya həssaslıq göstərilməsinin vacibliyini qeyd edirdi. Müstəqilliyimiz bərpa olunandan sonra ədəbi keçmişimizə də münasibət dəyişdi, ədəbi-tarixi faktlara münasibətdə fərqli yanaşmalar ortaya çıxdı. Bu prosesləri yaxından izləyən A.Rüstəmova yazırdı: “Ədəbi irsi ərəb, fars dilində bizə gəlib çatan, ancaq bütün ruhu, xisləti ilə öz soyuna - türk mənşəyinə bağlı, Azərbaycan türkü olan, şair və ədiblərimizi, filosof və irfan sahibi üləmalarımızı necə tariximizdən kənar etmək olar? Hələ onu demirəm ki, hər bir xalqın yaşadığı coğrafi və siyasi hüdudlarda min və yüzilliklər ərzində onun bu ərazidə yaşamış qədim əcdadları tərəfindən yaradılan və yadigar olaraq bu günə gəlib çatan mədəni sərvətlərə varis olmaq hüququ vardır”.
O, tədqiqat və təhlillərində həmişə tarixi-poetik faktlara söykənib. 300-ə yaxın məqalənin, 20 kitab və monoqrafiyanın müəllifi olan alimin “Azərbaycan epik şeirinin inkişaf yolları”, “Əsrlərin addımları”, “Fələki Şirvani”, “Klassik Azərbaycan poeziyasında qəzəl. Janrın tarixi və poetikası”, “Mütəfəkkir mövlanə Füzuli”, “Nizaminin poeziya sələfləri”, “Mövlanə Cəlaləddin Rumi”, “XIII-XIV yüzilliklərdəki Azərbaycan ədəbiyyatına baxış”, “Milli bədii fikrimizin XV-XVI əsərlər mərhələsi” və s. kitabları elmi ictimaiyyətin təqdir etdiyi qiymətli araşdırmalardır.
Ədəbiyyatşünas həmçinin beynəlxalq konfranslarda iştirak edərək Azərbaycan elmini layiqincə təbliğ edib. “Şərq xalqları mədəniyyəti və müasirlik” mövzusunda Moskvada keçirilən Ümumittifaq konfransında “Nizami Gəncəvi irsi Y.E.Bertelsin tədqiqində” mövzusunda məruzəsi yüksək qiymətləndirilib. O, həmçinin UNESCO tərəfindən 1994-cü ildə Ankarada təşkil olunan Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr edilən beynəlxalq elmi simpoziumda dahi şairin yaradıcılığı ilə bağlı maraqlı məruzə edib. Şərqin Füzuliyə qədərki humanist ideyalarının şairin şeirində yeni məna çalarları ilə zənginləşdiyini elmi dəlillərlə ortaya qoyan alim bildirib ki, Orta əsrlər türk dünyasında poeziyanın zirvəsi məhz Füzuli yaradıcılığı ilə fəth olunub. Onun məruzəsi dünya füzulişünaslarının diqqətini çəkib və çıxışların sonunda azərbaycanlı xanıma minnətdarlıq edilib.
2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən yorulmaz tədqiqatçı 19 mart 2005-ci ildə vəfat edib.
Savalan FƏRƏCOV