İndiyədək bir sıra layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” adlı yeni layihənin həyata keçirilməsinə başlanılıb.

Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan layihə çərçivəsində respublikamızın müxtəlif guşələrində yaşayan istedadlı aşıqların arasında seçim aparılacaq. Onlardan “Koroğlu havaları”nın ən yaxşı ifaçısı olan 15 nəfər aşığın seçilməsi nəzərdə tutulur.

Seçim zamanı musiqi (aşıq havaları) ilə yanaşı, aşıqların ifa edəcəkləri mətnlərin – qoşma və gəraylıların seçiminə də xüsusi diqqət yetiriləcək. Hər ifaçının ifa edəcəyi aşıq havası və oxuyacağı şeir müəyyən edildikdən sonra onların ifaları studiyada lentə alınacaq. Daha sonra həmin ifalar xüsusi bir CD albom şəklində hazırlanaraq ictimaiyyətə təqdim olunacaq.