Çarizmin süqutundan sonra Rusiya imperiyasının bütün milli əyalətlərində olduğu kimi, Orta Asiyada, Türküstan ellərində də azadlıq və müstəqillik hərəkatı güclənir. Şərqi Buxara Milli Hökuməti (Özbəkistan) də o dövrdə yaradılan və qısa ömür sürən milli qurumlardan idi. Hökumətə tanınmış maarifçi, ictimai xadim Osman Xoca rəhbərlik edirdi.
Osman Xoca oğlu 1878-ci ildə Fərqanə vilayətinin Oş qəsəbəsində dünyaya göz açmışdı. O, yerli mədrəsəni bitirdikdən sonra ali təhsil almaq məqsədilə Buxara şəhərinə gedir. Burada 1898-ci ildə hökumətə qarşı olan “Dükçü İşan” hərəkatına qoşulur. Üsyan yatırılır, təşkilatçılar və üzvləri, o cümlədən gənc Osman da həbs olunur.
Həbsdən azad olunduqdan sonra daha çox mədəni-maarif işinə maraq göstərir. Dostları ilə birgə 1908-ci ildə “Şirkət-i Buxara-i Şərif”i yaradır. Məqsəd yeni açılan məktəbləri dərs kitabları ilə təmin etmək, eyni zamanda istedadlı uşaqları təhsilə cəlb etmək idi. Ancaq Türküstanda mətbəələrin azlığı, yeni məktəblər üçün kitablar yaza biləcək pedaqoqların çatışmazlığı problemi ilə üzləşir. Buna görə də Osman Xoca 1909-cu ildə Baxçasarayda görkəmli tatar naşir və siyasətçisi İsmayıl bəy Qaspıralı ilə görüşür. Oradan da İstanbula gedir. Buxaraya qayıdaraq “Buxara Təmimi-i Maarif Cəmiyyəti-i Xeyriyyəsi” qurumunu yaradır. Cəmiyyət qısa vaxt ərzində 45 gənci oxumaq üçün İstanbula göndərir. Osman Xoca özü də bu imkandan istifadə edərək İstanbula gedir və burada ali təhsil alır. O, 1913-cü ildə yenidən vətənə qayıdır. Buxarada Avropa tipli məktəb açır. Məktəblərdə şagirdlərin sayı 200-ə çatır. Bu, yerli din xadimlərini və “islam təəssübkeşləri”ni narahat edir. Buxara Əmirinin qərarı ilə məktəbin fəaliyyətinə son qoyulur.
Osman Xoca “Yaş Buxaralılar” (“Gənc Buxaralılar”) adlı siyasi təşkilat qurur. Məqsəd Buxara Əmirini devirmək və Cümhuriyyət qurmaq idi. Lakin təşkilatın daxilində fikir ayrılığı yaranır və qurum Rusiyada yeni hakimiyyətə gələn bolşevikləri yardıma çağırır.
Frunzenin komandanlığı altında bolşevik ordusu 29 avqust 1920-ci ildə Buxaraya gəlir. Əmir Alim xan sentyabrın 2-də Əfqanıstana qaçır. Ayın 14-də Buxara İnqilab Komitəsi və Xalq Komissarlar Şurası yaradılır. Osman Xoca bu hökumətin maliyyə naziri olur. Bir müddət sonra Alim xan tərəfdarlarını silahlandırır və Buxaraya hücum edir. Buxara Xalq Sosialist Hökuməti 23 sentyabr 1921-ci il tarixdə ölkənin şərqinə çəkilir. Əvəzində Şərqi Buxara Milli Hökuməti qurulur və Osman Xoca respublikanın rəhbəri olur.
Tədqiqatçı Əli Şamil araşdırmasında göstərir ki, o, radikal qərarlar qəbul edir. Rusların “basmaçılar” adlandırdığı milli mücahidləri dəstəkləyir. Osmanlının süquta doğru getdiyi vaxtda Buxaraya gələn Ənvər paşa ilə görüşür. Rusiyanın əsir düşərgələrindən Buxaraya gələn türk zabitlərinin köməyi ilə müdafiə dəstələri yaradır. 9 dekabr 1921-ci ildə bolşeviklərin qərargahına hücum edir və hökumət nümayəndələrini əsir götürür. Bolşeviklərdən Buxara torpaqlarından çıxmasını tələb edir. Beləliklə, bolşeviklərlə qarşıdurma yaranır...
Osman Xoca 1923-cü ildə İstanbula mühacirət edir, yeni Türkiyənin qurucusu Mustafa Kamal paşa ilə görüşür. Aydın olur ki, Şərqi Buxara Milli Hökuməti və türküstanlıların Türkiyədə Qurtuluş savaşı üçün topladıqları qızılın böyük bir qismi bolşevik Rusiyası tərəfindən mənimsənilib, vəsaitin cüzi bir hissəsi Türkiyəyə çatıb. Bu xidmətlər qarşılığında Atatürk ona millət vəkili maaşı təyin edir...
Osman Xoca Türkiyədə azərbaycanlı və Rusiyadan getmiş siyasi mühacirlərlə əlaqələr qurur, onlara maddi və mənəvi yardım göstərir. 1927-ci ildə vaxtilə İstanbula oxumağa göndərdiyi gənclərə “Türküstan Gənclər Birliyi” dərnəyini qurmağa köməklik edir. Əhməd Zəki Vəlidi Toğan, Mustafa Şokayoğlu kimi ziyalılarla birləşir və “Yeni Türküstan” jurnalını nəşr etdirir. Onun ictimai-siyasi fəaliyyətindən narahat olan sovet hökuməti 1934-cü ildə “Yeni Türküstan” jurnalının bağlanmasını, bir çox siyasi mühacirlər kimi Osman Xocanın da Türkiyədən çıxarılmasını tələb edir.
Osman Xoca 1938-ci ildə Polşaya mühacirət edir, oradan İrana gedir. 1945-ci ildə yenidən Türkiyəyə qayıdır. Ancaq ona ictimai-siyasi fəaliyyətlə məşğul olmağa icazə verilmir. O, 1951-ci ildə Pakistana gedir. 1957-ci ildə yenidən Türkiyəyə dönür. Son nəfəsinədək Türküstan üçün çalışan, müxtəlif qəzet və jurnallarda sovet rejiminin müstəmləkəçilik siyasətini pisləyən Osman Xoca 1968-ci ildə vəfat edir.
Savalan FƏRƏCOV