“Astara” qəzetinin 85 illik yubileyi qeyd edilib. Astara rayon Mədəniyyət mərkəzində Milli Mətbuat və Jurnalistika Günü ərəfəsində keçirilən tədbirdə nəşrin baş redaktoru Fəridə Ağazadə bildirib ki, 1932-ci ildə “Ostoro kolxozçi” adı ilə nəşrə başlayan qəzet 1939-cu ildən “Kolxoz tribunası”, 1965-ci ildən “Sovet Astarası” adı ilə işıq üzü görüb. 1991-ci ildən “Astara” adı ilə fəaliyyətini davam etdirir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Qızbəs Məmmədova, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Mətbuat Şurası İdarə heyətinin üzvü Yadigar Məmmədli, Azərbaycanın Misirdəki diasporunun rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirov və başqaları “Astara” qəzetinin əməkdaşlarını yubiley münasibətilə təbrik ediblər.
Mərasim Mədəniyyət mərkəzinin “Sevinc” ansamblının ifasında konsert proqramı ilə davam edib.