Rusiyanın paytaxtı Moskvada ikinci dəfə keçiriləcək “Türkiyə festivalı”na hazırlıq görülür. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türkiyə Otelçilər Federasiyasının (TÜROFED) koordinasiyasında valiliklər, bələdiyyələr və özəl sektorun iştirakı ilə təşkil edilən festival 10-12 avqust tarixində gerçəkləşəcək.

Ötən il “Türkiyə festivalı” 153 mindən çox insan qəbul etmişdi, bu il daha böyük sayda iştirak gözlənilir.

Moskvanın “Krasnaya Presnya” parkında keçiriləcək festival çərçivəsində konsert, tamaşa, kulinariya və mədəni təqdimatlar olacaq.

TÜROFED İdarə heyətinin sədri Osman Ayık Türkiyənin iki əsas bazarından biri olan Rusiyada keçiriləcək festivalın turizm baxımından da əhəmiyyətli olduğunu qeyd edib. “Keçən il festival çərçivəsində 200 ailəyə Türkiyədə istirahət hədiyyə etdik. Festivalımızı 200-dən çox mətbuat nümayəndəsi və bloqqer işıqlandırdı. Bu il keçirəcəyimiz festival gələcək illərdə Türkiyənin Rusiya Federasiyasındakı tanıtım gücünü daha da artıracaqdır”, - deyə o bildirib.

Mehparə SULTANOVA
Ankara