Rusiyanın Yekaterinburq şəhərində ənənəvi olaraq təşkil edilən “Kolyada-plays” Beynəlxalq teatr festivalı bu il 5-15 noyabr tarixində keçiriləcək.

Təşkilatçılar adətən yay fəslində baş tutan festivalı bu dəfə “qış formatı”na keçirmək qərarına gəliblər. İyun ayında Yekaterinburq şəhərinin futbol üzrə dünya çempionatının bəzi oyunlarına ev sahibliyi etməsi səbəbindən bir çox mədəni-kütləvi layihələr sonrakı aylara ertələnib.

Festivalın əsas proqramında Ural dramaturqlarının pyesləri əsasında hazırlanmış ən yeni və maraqlı tamaşalar yer alıb. Rusiyadan və xarici ölkələrdən 37 teatr festivala qatılmaq arzusunu bildirib. Ufanın iki teatrı – M.Qafuri adına Başqırd Dram Teatrı və M.Kərim adına Milli Gənclər Teatrı da festivalda iştirak edəcək.

“Kolyada-Plays” festivalının əsas məqsədi müasir dramaturgiyanı dəstəkləmək, rejissor, dramaturq, aktyor və tənqidçilər üçün canlı yaradıcı ünsiyyət imkanı yaratmaqdır. Festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Sverdlovsk vilayəti və Yekaterinburq şəhərinin müvafiq qurumlarının dəstəyi ilə keçirilir.