Daşkənddə elektron musiqi festivalı
Avqust ayında Daşkənddə “DanceMusicFest 2018” II elektron musiqi festivalı keçiriləcək. Artıq seçim turu başa çatmış festivalın devizi elə keçənilki kimidir: “Gənclik narkotiklərə qarşıdır”.
Festivalın qalibinə ölkənin aparıcı prodüser mərkəzlərindən biri ilə müqavilə bağlamaq, peşəkar studiyada treklər yazdırmaq, videoklip çəkmək və digər sənət imkanları yaradılacaq.
Tədbirdə qonaq olacaq məşhur DJ-lər təkcə rəqs meydançasını idarə etməyəcək, həm də müsabiqə iştirakçılarına məsləhətlər verəcək və onlarla eyni səhnəni də paylaşacaqlar.
Festivalın fəxri qonaqlarının adları hələ açıqlanmasa da, tədbirin təşkilatçısı, “Art Uz Promotion” agentliyinin baş direktoru Müzəffər Sıdikov sürprizlərin bol olacağını vəd edir: “DanceMusicFest 2017” bizə düz bir il elektron musiqi enerjisi bəxş etmişdi. Bu il festival daha maraqlı, daha coşqun keçəcək”.