Moskvada Avrasiya Müəlliflər Cəmiyyətləri Konfederasiyasının üçgünlük konfransı keçirilib. Konfederasiya 200-dən çox ölkənin təmsil olunduğu Müəlliflər və Bəstəkarlar Cəmiyyətləri Beynəlxalq Konfederasiyasının (CİSAC) assosiativ üzvüdür.

Konfransda iştirak edən Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Günay Mehdizadə Avrasiya Müəlliflər Cəmiyyətləri Konfederasiyasının idarə heyətinə üzv seçilib.

Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov bildirib ki, konfederasiyada MDB ölkələrinin müəllif hüquqları sahəsi üzrə ixtisaslaşan ziyalı insanlarla yanaşı, milli cəmiyyətlər də təmsil oluna bilər. Onun sözlərinə görə, Azərbaycanın tanınmış yazıçı və şairləri, bəstəkarları təşkilatın üzvüdür.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi qeyd edib ki, Türkiyənin də müşahidəçi statusunda iştirak etdiyi bu toplantıda Azərbaycan nümayəndəsinə etimad göstərilməsi mühüm nailiyyətdir: “Günümüzdə internet vasitəsilə ən çox əməyi oğurlanan yaradıcı insanlardır. Mədəniyyət qurumları olaraq texnoloji vasitələrdən, müasir üsullardan istifadə edərək müəllif hüquqlarını qorumalıyıq”.

Günay Mehdizadə konfransda ona yekdilliklə səs verilməsindən məmnunluğunu ifadə edib. O deyib: “Rəsm əsərlərimin beynəlxalq məkanda müxtəlif ölkələrin sənətşünasları və bu sahənin təmsilçiləri tərəfindən qəbul olunaraq maraqla qarşılanması, təbii ki, böyük sevincdir. İnanıram ki, Azərbaycan mədəniyyəti adına daha yeni uğurları ölkəmə bəxş edə biləcəyəm”.