Azərbaycan Respublikası mədəniyyət nazirinin əmri ilə İslam Həsənov Yuğ Dövlət Teatrına direktor təyin edilib. İslam Həsənov yaradıcı kollektivə təqdim olunub.

Teatrdan verilən məlumata görə, Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov yeni direktoru kollektivə təqdim edərək onun teatr sahəsində fəaliyyəti barədə qısa məlumat verib. Şöbə müdiri Yuğ teatrının teatr sənətimizdə özünəməxsus yerə malik olduğunu qeyd edib, yeni direktora və yaradıcı heyətə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, İslam Həsənov bu təyinata qədər Sumqayıt Dövlət Dram Teatrının direktoru olub. O, 1988-ci ildə Dövlət İncəsənət İnstitutunu bitirib. Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində, Azərbaycan Teatr Xadimləri İttifaqında çalışıb. 2007-ci ildə Lənkəran Dövlət Dram Teatrına direktor təyin edilib. 2014-cü ildən 2018-ci ilədək  Sumqayıt teatrına rəhbərlik edib.